İCRA BAŞÇISININ LƏNKƏRAN ŞƏHƏR SAKİNLƏRİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Oktyabrın 2-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü şəhərin Mirzə Məmmədhüseyn Axund, Şeyx Zahid, Mirsalayev və Üzeyir Hacıbəyov küçələrinin sakinləri ilə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazidə yaşayan sakinlər haqqında məlumat verdi.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək rayonumuzda gedən geniş abadlıq-quruculuq işlərindən danışdılar, şəhərdə salınan yeni park və bağların, inşa edilən yaşayış və məktəb binalarının, yeni uşaq bağçalarının, səhiyyə və mədəniyyət ocaqlarının sakinlərdə böyük sevinc hissi oyatdığını, insanlarda daha xoşbəxt gələcəyə inam formalaşdırdığını söylədilər. Bütün bu təqdirəlayiq işlərin həyata keçirilməsində böyük təşəbbüs göstərən cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər, 9 oktyabır prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
Görüşdə həmçinin bir neçə vətəndaş şəxsi xahişləri ilə bağlı İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq bu gün vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün respublikamızda həyata keçirilən dövlət proqramlarının, cənab Prezidentin regionların, xüsusilə də Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı sərəncamların icrasının hamıda yüksək əhval-ruhiyyə oyatdığını, bunun vətəndaşlarla münasibətdə aydın sezildiyini söylədi. Bütün bunlara cavab olaraq vətəndaşların cənab Prezidentin ətrafında sıx birləşməsinin vacib olduğunu bildirən İcra başçısı dövlətimizin iqtisadi-siyasi maraqlarının müdafiəsində, bədxah qonşularımızın ölkəmizə qarşı apardığı düşmənçilik siyasətinin qarşısının alınmasında hamını cənab Prezident İlham Əliyevə dəstək olmağa səslədi.
Taleh Qaraşov sonda görüş zamanı qaldırılan bir sıra məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Sonra sakinlərdən bir neçəsi çıxış edərək son zamanlar Lənkəranda aparılan genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərindən danışdılar, rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan bəhs etdilər, qarşılaşdıqları bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Çıxış edənlərdən Amil Qurbanov, Yeganə Əhmədova, Fatma Abdullayeva, Amil Məmmədov, Ülkər Məmmədova və başqaları cənab Prezident İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün son bir ildə imzaladığı sərəncamların icrasına başlandıqdan sonra rayonun simasında ciddi müsbət dəyişikliklərin əldə olunduğunu, vətəndaşların rifah halının daha da yaxşılaşdığını söylədilər, Lənkəranda yeni su-kanalizasiya sisteminin yenilənməsinin, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirinin, yeni inşa edilən Gənclər Mərkəzinin hamıda hədsiz sevinc hissləri yaratdığını bildirdilər. Bütün bu və ölkəmizdə aparılan digər quruculuq işlərinin təşəbbüskarı, yeni Azərbaycanın memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini və qarşıdan gələn 9 oktyabr prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini söylədilər.
Çıxışı zamanı İcra başçısı bildirdi ki, lənkəranlılar daim milli adət-ənənələrimizə bağlı, qədirbilən insanlar kimi tanınıblar. Buranın sakinləri nəinki rayonun, bütövlükdə respublikanın sosial-iqtisadi, siyasi həyatında fəal iştirak edərək ölkəmizin inkişafına öz əməli işləri ilə töhfə veriblər. Nəzərə alsaq ki, bu gün dövlətimizin inkişafında cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var, hər bir azərbaycanlı kimi lənkəranlılar da bu həqiqətə real qiymət verməli, dövlət başçımızın Azərbaycanımızın inkişafı üçün həyata keçirdiyi işlərdə ona dəstək olmalı, ölkəmizin daha da inkişaf etməsi üçün əzmlə çalışmalıdırlar.
Görüşləri yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov irəli sürülən təkliflərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verdi.