İCRA BAŞÇISININ LƏNKƏRAN ŞƏHƏRİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 30-da Lənkəran şəhərinin 2-ci mikrorayon yaşayış massivinin sakinləri ilə görüşdü.
Görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazi haqqında məlumat verdi.
Ayrı-ayrı sakinlərdən Elzadə Məmmədova, Bəxtiyar Seyfullayev, Səxavət Tahirov və başqaları çıxış edərək Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz verdilər.
Çıxışlarda həmçinin çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün təmiri və fasad hissələrinin yenilənməsi, zirzəmilərə dolmuş qrunt sularının təmizlənməsi, məhəlləarası yolların asfaltlanması və s. məsələlər səsləndirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında ölkə əhalisinin mütləq əksəriyyətinin möhtərəm Prezidentin daxili və xarici siyasətini dəstəklədiyini diqqətə çatdırdı, son on ildə Azərbaycanın sürətli və dinamik inkişafından danışdı, dövlət başçımızın diqqət və qayğısı sayəsində rayonumuzun gündən-günə inkişaf etdiyini, yeniləşdiyini və müasirləşdiyini söylədi.
Lənkəranlıların Ulu Öndər Heydər Əliyevin siyasətinə daim sədaqətli olduqlarını vurğulayan İcra başçısı cənab Prezident İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafına dair son bir ildə imzaladığı 8 Sərəncamın əhəmiyyətindən danışdı, şəhərdə, qəsəbə və kəndlərdə aparlan tikinti-quruculuq işlərinin bundan sonra da müntəzəm davam etdiriləcəyini əminliklə söylədi.
İcra başçısı Lənkəran şəhərində yeni su-kanalizasiya sisteminin sürətlə qurulduğunu, qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarının əsaslı təmirinin nəzərdə tutulduğunu, yeni park və bağların, uşaq əyləncə mərkəzlərinin salınacağını, yeni ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki, həmçinin aztəminatlı ailələr üçün yaşayış binalarının tikintisinə başlanılacağını, binalararası, eyni zamanda yeni məhəllələrdə yolların asfaltlaşdırılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.