İCRA BAŞÇISININ BOLADİ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 30-da Boladi kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Boladi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Mehdiyev ərazidə 2048 təsərrüfatda 8797 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial layihələrin həyata keçirildiyini söylədi və bəzi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Kənd sakinlərindən Ramazan Quliyev, Ağabala Axundov, Rövşən Bağırov, Xatun Abdullayeva, Aşur Mahmudov, Dövlət Fətullayev, Könül İsmayılova, Əflatun Tahirov və başqaları çıxış edərək ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinə görə dövlət başçımıza minnətdarlıqlarını bildirdilər və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Çıxış edənlər həmçinin onları narahat edən məsələləri – qəbristanlığa gedən 150 metrlik yolun asfaltlaşdırılmasını, uşaq bağçasının təmirə ehtiyacı olduğunu və s. İcra başçısının diqqətinə çatdırdılar.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Azərbaycanda son 10 il ərzində qazanılan uğurların ölkəmizdə mövcud ictimai-siyasi sabitlik sayəsində əldə edildiyini, bütün səylərin ərazi bütövlüyümüzün və torpaqlarımızın azad olunmasına yönəldildiyini diqqətə çatdırdı, respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən bəhs etdi, son 1 il ərzində dövlət başçımızın rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamların uğurla icra edildiyini qeyd etdi, bu işdə lənkəranlıların əməyini yüksək dəyərləndirdi.
İcra başçısı, eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli Sərəncamına əsasən 47 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan ayrılan vəsaitə görə dövlət başçısına lənkəranlılar adından dərin minnətdarlığını bildirdi.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini bildirdi, xüsusilə qəbristanlığa gedən yolun operativ asfaltlaşdırılması üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.