İCRA BAŞÇISININ GƏRMƏTÜK QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 27-də Gərmətük qəsəbəsində keçirdi.
Görüşü Lənkəran ŞİH başçısının Gərmətük inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vadim Qasımov açaraq bildirdi ki, nümayəndəlik Gərmətük qəsəbəsini və Velədi kəndini əhatə edir. Gərmətük qəsəbəsində 4267 nəfər, Velədi kəndində isə 1678 nəfər əhali yaşayır.
İcra nümayəndəsi ərazidə aparılan abadlıq və səliqə-sahman işləri barədə də məlumat verdi, bir sıra sosial məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra qəsəbə və kənd sakinlərindən Sərhad Məmmədov, Baloğlan İbadov, Zərintac İsmayılova, Mahizər Məcidova, Natella Rufiyeva və başqaları ürək sözlərini söylədilər, respublikamızda, eləcə də rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab Ilham Əliyevə və Icra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Natella Rufiyeva həmçinin çıxışında Velədi kənd ümumi orta məktəbinin yerləşdiyi ərazidə, magistral yolun ətrafında avtobus dayanacağının qoyulmasının vacibliyini söylədi. İcra başçısı bununla əlaqədar məsələnin operativ yerinə yetirilməsini tapşırdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son 10 ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs etdi, sosial problemlərin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirdi, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırdı, ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğuladı, Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söylədi.
İcra başçısı son 1 il ərzində dövlət başçımız tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 8 Sərəncamdan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edilməsindən, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olmasından danışdı, Lənkəranda yeni infrastruktur layihələrinin müvəffəqiyyətlə yerinə yetirildiyini bir daha diqqətə çatdırdı.