Havzava kəndində yeni mənzilin açılış mərasimi keçirildi
Havzava kənd sakini, üç uşaq anası İradə Cabbarovanın yaşadığı mənzil yanğın nəticəsində tamamilə yararsız hala düşmüşdü. Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov mayın 31-də Lənkəran şəhərində cənub regionunun vətəndaşlarını qəbul edərkən İradə Cabbarova bu barədə nazirə müraciət etmişdi. Kəmaləddin Heydərov bu müraciətlə əlaqədar operativ tapşırıqlar vermişdi. Qəbuldan dərhal sonra - iyun ayında Fövqəladə Hallar Nazirliyi tərəfindən Havzava kəndində bu ailə üçün yeni mənzilin tikintisinə başlanıldı. Qısa müddət ərzində bir mərtəbəli, iki otaqlı, mətbəxi, hamamı, həyətdə sanitar qovşağı olan mənzil yüksək keyfiyyətlə tikilib başa çatdırıldı.
Sentyabrın 27-də Havzava kəndində İradə Cabbarova üçün inşa edilmiş yeni mənzilin açılış mərasimi keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri açılış mərasimində iştirak edirdilər.
İcra başçısı yeni mənzilin açarlarını və sənədlərini İradə Cabbarovaya təqdim etdi, ailə üzvlərinə ən xoş və səmimi arzularını çatdırdı.
Yeni mənzilin sahibi İradə Cabbarova ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, o cümlədən Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova minnətdarlığını bildirdi.
Qonaqlar yeni mənzilə baxış keçirdilər, burada yaradılmış şəraitlə tanış oldular.