İCRA BAŞÇISININ LƏNKƏRAN ŞƏHƏRİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 25-də “Kiçik bazar” yaşayış məntəqəsinin əhalisi və mikrorayon sakinləri ilə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov ərazidə yaşayan əhali barədə məlumat verdi.
Sonra şəhər sakinlərindən Müctəba Dədəcanov, Ənvər Rüstəmov, Cabir Fərzəliyev, Siddiqə Rzayeva, Rəhim Abdullayev, Zərintac İsmayılova, Südabə Məmmədova və başqaları çıxış edərək Lənkəran şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son 10 ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından, respublikamızın ən ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsindən, yeni sosial layihələrin icra edilməsindən, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsindən ətraflı bəhs etdi.
İcra başçısı bu inkişafın Lənkəran rayonunun timsalında daha aydın göründüyünü xüsusi vurğuladı. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonumuzda yeni infrastruktur layihələrin icra edilməsindən söz açan Taleh Qaraşov lənkəranlıların rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırdı.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.