İCRA BAŞÇISININ AŞAĞI NÜVƏDİ QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 24-də Aşağı Nüvədi qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan İcra başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev ərazi haqqında ümumi məlumat verdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra ərazi sakinlərindən Nisə Camalova, Ağa Əliyev və Hüseynağa Məmmədov çıxış edərək ölkəmizin bütün regionlarında, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə, xüsusilə bu gün əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova bütün sakinlər adından minnətdarlıqlarını bildirdilər.
Çıxışlarda xüsusi vurğulandı ki, ərazidə yaşayan sakinlər ölkə başçısının daxili və xarici siyasətini ürəkdən bəyənir, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamı dövlət başçımızın namizədliyini dəstəkləyəcək.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi, qəsəbədaxili 500 metrlik yolun asfaltlaşdırılmasını və Aşağı Nüvədi qəsəbə tam orta məktəbində idman zalının əsaslı təmir edilməsini xahiş etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında ilk növbədə bugün 20 illik fasilədən sonra əraziyə təbii qazın verilməsi münasibətilə əhalini təbrik etdi, tam orta məktəbin əsaslı təmiri və idman zalının yenidən qurulmasının və qəsəbədaxili yolun asfaltlaşdırılacağının tezliklə reallaşacağını bildirdi.
İcra başçısı daha sonra xalqımızın ölkə başçısı cənab İlham Əliyevin siyasətini dəstəklədiyini xüsusi vurğulayaraq Azərbaycanın dünya dövlətlərinə sürətlə inteqrasiya etdiyini, respublikada möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əmək haqlarının, pensiyaların, ünvanlı sosial yardımların ilbəil artırıldığını diqqətə çatdırdı. Dövlətimizin qüdrəti artdıqca Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə yaxşılaşdığını söyləyən Taleh Qaraşov ölkə iqtisadiyyatının qanunlarla idarə olunduğunu, 2014-2018-ci illərə dair III Dövlət Proqramında qəsəbə və kəndlərin, ayrı-ayrı yaşayış məntəqələrinin bütün sosial problemlərinin həll ediləcəyini, yeni layihələrin və proqramların icrasının nəzərə tutulduğunu bildirdi.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.