Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ BİLƏSƏR KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ

16 avqust 2012 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov avqustun 15-də rayonumuzun ən ucqar dağ kəndlərindən olan Biləsər kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Biləsər inzibati ərazi dairəsinin nümayəndəsi Bilal Hətəmov əraziyə daxil olan 4 kəndin – Biləsər, Alazəpin, Seliqavol və Vıy kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, bir sıra çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı.

Sonra çıxışlar oldu.

Ağsaqqal Əbülfəz Salayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çiçəklənən bir diyara çevrilməsini, o cümlədən Lənkəran şəhərinin, rayonumuzun qəsəbə və kəndlərinin gülüstana çevrilməsini iftixar hissi ilə dilə gətirdi. Kənd ağsaqqalı bütün bu xarüqələrə görə dövlətimizin başçısına, həmçinin ŞİH-nin başçısı Taleh Qaraşova ərazi sakinləri adından minnətdarlığını bildirdi.

Ə.Salayev çıxışının sonunda Daşdatük-Biləsər kənd yolunun əsaslı təmir olunması, ərazidə telefon naqillərinin və dirəklərinin dəyişdirilməsi təklifini irəli sürdü.

Müəllim Firudin Həsənov Lənkəranda son aylarda aparılan tikinti, quruculuq və abadlıq işlərinin bütün kənd sakinlərinin ürəyincə olduğunu söylədi, Biləsər kənd orta məktəbi üçün yeni binanın tikilməsi təklifi ilə çıxış etdi.

Təqaüddə olan müəllim Nəriman Süleymanov möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkərana son tarixi səfərinin xoş təəssüratları altında yaşadıqlarını dilə gətirdi, Biləsər kənd həkim ambulatoriyasının əsaslı təmirə ehtiyacı olduğunu söylədi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi tədbirlərin görülməsinin zəruriliyini vurğuladı.

Ağsaqqal Mansufulla Abdullayev əraziyə təbii qazın verilməsinin vacibliyi haqqında danışdı.

Kənd ağsaqqalı Babulla Şahbazov sıradan çıxmış elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi təklifini irəli sürdü.

Akif Hadiyev Alazəpin kəndinin yolunun təmirə ehtiyacı olduğunu diqqətə çatdırdı.

Sonra ayrı-ayrı vətəndaşlar çıxış edərək bir sıra şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı.

İcra başçısı daha sonra Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, dağ kəndlərinin infrastrukturunun yaxşılaşdırılıması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı.

İcra başçısı yekun nitqində xüsusilə vurğuladı ki, kənd əhalisi dədə-babadan ruzisini torpaqdan çıxarıb. Kəndli yalnız bu yolla güzəranını yaxşılaşdıra bilər. Ona görə də torpağı istifadəsiz saxlamaq yolverilməzdir.
T.Qaraşov sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi, bütün sakinləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi.

Keçidlər