İCRA BAŞÇISININ LƏNKƏRAN ŞƏHƏR SAKİNLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 23-də Həzi Aslanov Xiyabanının, Mirmustafaxan, Ş.Axundov, Nizami, Akademik Zərifə Əliyeva küçələrinin və 43-cü məhəllənin sakinləri ilə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov ərazidə yaşayan sakinlər barədə məlumat verdi.
Şəhər sakinlərindən Əbdüləhəd Bağırov, Vüqar Əliyev, Məmmədhüseyn Hüseynov, Nailə Rəhimova və İman Mustafayev çıxış edərək Lənkəran şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, möhtərəm Prezident İlham Əliyevin sentyabrın 5-də Lənkərana səfərinin xoş təəssüratları altında yaşadıqlarını bildirdilər, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısına yekdilliklə səs verəcəklərini əminliklə söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında göstərdiyi titanik fəaliyyətdən, Azərbaycanda daxili sabitliyin təmin edilməsindən, Ümummilli Liderimizin Azərbaycanı dünya arenasına çıxarmasından və ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından ətraflı danışdı.
Dövlətimizin sükanının hazırda etibarlı əllərdə olduğunu diqqətə çatdıran İcra başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yeni Azərbaycan modelini yaratdığını xüsusi vurğuladı, son 10 ildə ölkə iqtisadiyyatının üç dəfə artdığını, dayanıqlı dinamik inkişafın təmin olunduğunu söylədi və bu uğurların möhtərəm dövlət başçımızın apardığı uğurlu daxili və xarici siyasətin sayəsində qazanıldığını diqqətə çatdırdı.
Taleh Qaraşov daha sonra lənkəranlıların dövlətimizə və dövlətçiliyimizə daim sədaqətli olduqlarını, cənab Prezidentin Lənkərana göstərdiyi diqqət və qayğının sonsuz olduğunu söylədi, lənkəranlıları buna əməli işləri ilə cavab verməyə çağırdı.
İcra başçısı sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetiriləcəyini əminliklə söylədi.