LƏNKƏRANIN DAHA BİR KƏNDİNDƏ TƏBİİ QAZ AÇILIŞI TƏNTƏNƏSİ
Sentyabrın 18-də rayonumuzun Ürgə kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
Mərasimi giriş sözü ilə Lənkəran ŞİH başçısının Göyşaban inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun İmanov açaraq kənddə 1950 nəfər əhalinin yaşadığını, 544 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ərazidə 12 min 240 metr uzunluğunda polad borularla, 23 min 459 metr uzunluğunda polietilen borularla məhəllədaxili qaz xətlərinin çəkildiyini, 544 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını diqqətə çatdırdı.
Sonra kənd sakinləri çıxış edərək ilk növbədə Ürgə kəndinə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə bütün əhali adından minnətdarlıqlarını bildirdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 illik fasilədən sonra kəndə təbii qazın verilməsi münasibətilə əhalini təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.
Sonda Taleh Qaraşov və Milli Məclisin deputatı Rüfət Quliyev “mavi alov”un açılışı bildirən rəmzi məşəli alovlandırdılar.