İCRA BAŞÇISININ MAMUSTA KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Sentyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Mamusta kəndində əhali ilə səyyar qəbul-görüş keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Mamusta inzibati ərazi dairəsinin nümayəndəsi Zərbəli Rəhmanov kəndin sosial-iqtisadi vəziyyəti, nümayəndəlikdə yaşayan əhalinin sayı və məşğuliyyəti haqqında qısa məlumat verdi. Son vaxtlar kənddə əhalinin həyat şəraitinin yaxşılaşdırılması və digər sahələrdə əldə olunan uğurlardan danışan nümayəndə mövcud olan bəzi problemləri də İcra başçısının diqqətinə çatdırdı.
Sonra bir neçə kənd sakini çıxış edərək təkliflərini bildirdi. Kənd ağsaqqalı Əminağa Fərzullayev 7 km-lik Mamusta-Siyavar-Hirkan yolunun uzun müddətdir təmir olunmadan istifadə edildiyindən yoldan istifadə edənlər üçün böyük çətinliklər yarandığını, orta məktəb müəllimi Sahib Fərəcov kənddə torpaqların çay əkini üçün həddən artıq yararlı olmasına baxmayaraq buna lazımi diqqətin verilmədiyini İcra başçısının nəzərinə çatdırdı. Kəndin axundu Vüsal Cəfərov, təqaüdçü Mirzağa Qurbanov bu gün ölkədə, o cümlədən rayonumuzda aparılan geniş tikinti, quruculuq işlərinin kənddən də yan keçmədiyini və bunun əhalinin rifah halının daha da yaxşılaşmasında əyani göründüyünü söylədilər. Çıxış edənlər qarşıdan gələn prezident seçkilərinə də toxunaraq hamılıqla müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək səsləndirilən məsələlərlə bağlı fikrini bildirdi. İcra başçısı qeyd etdi ki, bir müddət əvvəl şəxsən adı çəkilən əraziyə baş çəkərək Mamusta-Siyavar-Hirkan yolunun vəziyyəti ilə yaxından tanış olmuş və bununla bağlı problem artıq öz həllini tapmışdır. Layihənin maliyyə təşkilatçısı olan Asiya İnkişaf Bankı ilə elan olunmuş tenderin qalibi yerli yol-tikinti şirkəti arasında müqavilə də bağlanmışdır. Yaxın zamanlarda yolun əsaslı təmirinə başlanılacaqdır.
Görüşü yekunlaşdıran İcra başçısı əhali tərəfindən irəli sürülən təkliflərin nəzərə alınacağını bildirdi, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.