KƏRGƏLAN KƏNDİNDƏ SƏYYARİ QƏBUL-GÖRÜŞ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun yerlərdə əhali ilə səyyari qəbul – görüşləri davam edir. Növbəti görüş iyulun 4-də Kərgəlan kəndində keçirildi. Görüşdə İcra başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəsissə və təşkilatların rəhbərləri iştirak edirdilər.İlk olaraq Kərgəlan inzibati ərazi dairəsinin nümayəndəsi Əflatun Əsgərov əraziyə daxil olan Kərgəlan, Darquba, Lüvəsər və Səbir kəndlərinin əhalisi, onların məşğuliyyəti və mövcud problemlər barədə məlumat verdi. Kərgəlan bələdiyyəsinin sədri Rəşid Bayramov ərazidə aparılan abadlıq və quruculuq işləri barədə danışdı. Sonra ayrı-ayrı kəndlərin sakinləri çıxış edərək arzu və təkliflərini söylədilər. Darquba kənd sakini Əbülfəz Ağayev kənddə məktəb binasının köhnə olduğunu və yeni məktəb binasının tikintisinə ehtiyacın olduğunu diqqətə çatdırdı. Kərgəlan kənd sakini Fətulla Əliyev kənddə mavi qaz yanacağının olmadığını, məktəbə gedən 1 kilometrlik yolun asfaltlaşdırılmasına, Kərgəlan-Şağlakücə kəndləri arasında mövcud olan avtomobil yolunda təhlükəsizliyi tənzimləyən yol nişanlarının qoyulmasına ehtiyac olduğunu bildirdi.
Lüvəsər kənd sakini Böyükağa Əliyev kəndlərində artezian quyunun qazılmasını xahiş etdi. Kərgəlan kənd sakini Mirzəkişi İbadov kəndara yollarının asfaltlaşdırılması təklifini irəli sürdü. Kərgəlan kənd sakini Səfər Səmədov elektrik xətlərində nasazlığın olduğunu, külək, yağış olan kimi işıqların söndüyünü söylədi. Kərgəlan kənd sakini Əli Rzayev oğlunun müalicəsindən ötrü maddi yardımla bağlı müraciət etdi. Ayrı-ayrı çıxış edən sakinlər Kərgəlan məktəbində istilik sisteminin olmadığını, kənddə təzə elektron ATS-in olmasına baxmayaraq telefonların yaxşı işləmədiyini və tez-tez rabitənin kəsildiyini diqqətə çatdırdılar.Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün çıxışları diqqətlə dinlədikdən sonra yekun nitqində bildirdi ki, yerlərdə keçirilən belə görüşlər zamanı əhali tərəfindən qaldırılan təkliflər məsuliyyətimizi artırır. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin yoludur. Çünki, sözlə iş vəhdət təşkil etməlidir.
Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da hazırda müasirləşmə, yeniləşmə prosseslərinin getdiyini vurğulayan İcra başçısı bildirdi ki, respublikamızda dinamik inkişaf davam etməkdədir. Bu günədək həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Taleh Qaraşov daha sonra bildirdi ki, Lənkəranda son aylarda qazlaşdırma prossesi çox sürətlə davam etdirilir. Birinci mərhələ avqustun 23-dək davam edəcək. Bu mərhələdə şəhər və şəhərətrafı kəndlərdə əhalinin təbii qazla təminatı başa çatmalıdır. Avqustun 23-dən oktyabrın 1-dək davam edəcək ikinci mərhələdə digər kəndlərdə qazlaşdırma həyata keçiriləcək. Rayonumuzun elektrik təsərrüfatında problemlər aradan qaldırılacaq.
İcra başçısı bu günkü görüş zamanı əhali tərəfindən irəli sürülən təkliflərin yerinə yetiriləcəyini, ilk növbədə Kərgəlan kənd məktəbinə gedən 1 kilometrlik yolun asfaltlaşdırılmasının, Lüvəsər kəndində artezian quyunun qazılmasının qısa müddətdə həll olunacağını, Darquba kənd məktəbinin tikintisinin gələn ilin investisiya proqramına salınacağını əminliklə vurğuladı.
Taleh Qaraşov sonda Lənkəran rayonunun sosial-iqtisadi inkişafının, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılmasının hər zaman Prezidentin diqqət mərkəzində olduğunu əminliklə vurğuladı və hamını Ölkə Başçısının ətrafında sıx birləşməyə çağırdı.