LƏNKƏRANIN DAHA 4 KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Lənkəran rayonunun qazlaşdırılması məqsədi ilə görülən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir.
Sentyabrın 16-da rayonumuzun daha 4 kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və şəhər İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Osakücə, Pambəyi, Tatoba və Sinovli kəndlərinə təbii qazın verilməsinin bərpa olunması münasibəti ilə keçirilmiş tədbirlərdə bildirilmişdir ki, 1050 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24771 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Sinovli və Osakücə kəndlərində keçirilən açılış mərasimlərində Lənkəran ŞİH başçısının Osakücə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Dövlətov, “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev, kənd sakinlərindən Bəhlul Hüseynov, Faiq Rzayev və başqaları yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhalini təbrik edərək bildirmişdir ki, təbii qazın şöləsi hər bir evə sevinc, xoşbəxtlik gətirsin.
Sonra “mavi alov”un açılışını bildirən məşəl alovlandırılmışdır.