Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İTALİYA RESPUBLİKASININ ÇERVETERİ ŞƏHƏRİ İLƏ LƏNKƏRAN ŞƏHƏRİ QARDAŞLAŞDI

15 sentyabr 2013 | 15:00

Sentyabrın 14-də İtaliya Respublikasının Çerveteri şəhərinin meri cənab Alessio Paskuçinin rəhbərliyi ilə nümayəndə heyəti Lənkəran şəhərinə səfərə gəlmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətində qonaqların rəsmi qarşılanma mərasimi olmuşdur.
İcra Hakimiyyətinin akt zalında keçirilən görüşü giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qonaqları salamladıqdan sonra Azərbaycan-İtaliya respublikaları arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açmış, bu əlaqələrin getdikcə inkişaf etməsindən danışmışdır.
İcra başçısı daha sonra nümayəndə heyətinə Lənkəran rayonu, onun əhalisi, ərazisi, coğrafi mövqeyi, iqtisadiyyatı, sosial və mədəni həyatı haqqında, elm, təhsil və mədəniyyət müəssisələri barədə ətraflı məlumat vermiş, Lənkəranın geniş turizm potensialına malik olduğunu diqqətə çatdırmışdır.
Çerveteri şəhərinin meri cənab Alessio Paskuçi yüksək qonaqpərvərliyə görə İcra başçısına minnətdarlıq etmiş, 40 min nəfər əhalisi olan Çerveteri şəhərinin qədim tarixindən məlumat vermiş, iki şəhər arasında oxşar cəhətlərin mövcudluğunu söyləmişdir.
Cənab Paskuçi Lənkəran Şəhər İcra Hakimiyyətinə Çerveteri şəhərinin qədim tarixə malik olmasını əks etdirən mədəniyyət nümunəsini və kitabını hədiyyə etmişdir.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov hörmətli qonağa Lənkəran xalısı, Xan sarayının təsviri olan tablonu və Lənkəran haqqında kitabı hədiyyə etmişdir.
Sonda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və Çerveteri şəhərinin meri Alessio Paskuçi hər iki şəhərin qardaşlaşması haqqında niyyət memorandumunu imzalamışlar.
Həmin gün nümayəndə heyəti “Gilan-Lənkəran” konserv zavodu, “OVA” MMC (Beta), “Nur-Süd” MMC-nin süd zavodu, Xanbulan qəsəbəsində yerləşən fərdi sahibkara məxsus sitrus bağları və Bayraq meydanı ilə tanış olmuşlar.
Nümayəndə heyətinin tərkibinə Çerveteri şəhərinin meri cənab Alessio Paskuçi, Çerveteri şəhər meriyasında turizm şöbəsinin müdiri cənab Lorenso Kroçi və Çerveteri şəhərində fəaliyyət göstərən sahibkar cənab Huqo Riççi daxil idilər.
Sentyabrın 15-də nümayəndə heyətinin Lənkəran şəhəri ilə tanışlığı davam edəcək.

Keçidlər