Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MÜŞAVİRƏ KEÇİRİLDİ

11 sentyabr 2013 | 15:00

Sentyabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran rayonuna səfərinin yekunlarına  həsr olunmuşdu.
Müşavirəni giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, dövlətimizin başçısı ötən il iyulun 31-də Lənkəranda səfərdə olmuşdur. Cənab Prezident 1 il bundan əvvəl verdiyi tapşırıqların icra vəziyyəti ilə maraqlandı, bir neçə açılışlarda iştirak etdi.
Cənab İlham Əliyev əvvəlcə Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu. Sonra dövlət başçısına Xatirə parkında aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verildi.
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak etdi, layihə ilə tanışlıqdan sonra Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Dövlət başçısı daha sonra Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak etdi, yeni Mərkəzdə cənub regionunun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış  gəncləri ilə görüşdü, onlar qarşısında geniş nitq söylədi,  gənclərin kamil mütəxəssis kimi yetişib doğma Azərbaycanımızın tərəqqisinə töhfələr verməyi arzuladı. Tələbələr fikir və mülahizələrini söylədilər, bir sıra təkliflər irəli sürdülər.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun açılışında da iştirak etdi, görülən işlərdən razılığını bildirdi.
Dövlətimizin başçısı sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış oldu. Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Cənab Prezidentin  Lənkəranda görülmüş işlərə yüksək qiymət verdiyini vurğulayan İcra başçısı diqqətə çatdırdı ki, bu qiymət bizi daha yaxşı işləməyə və tapşırılan işlərə məsuliyyətlə yanaşmağa səfərbər etməlidir. Yaxın vaxtlarda Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı  növbəti Prezident sərəncamlarının imzalanacağını vurğulayan  Taleh Qaraşov Lənkəranda yeni-yeni layihələrin və real proqramların icrasının nəzərdə tutulduğunu söylədi, bizə göstərilən yüksək diqqət və qayğıya cavab olaraq birlikdə qurub-yaratdıqlarımızı hamılıqla qorumağı, daha da inkişaf etdirməyi, arxayınçılığa qətiyyən yol verməməyi tövsiyə etdi.
İcra başçısı cənab Prezidenti əsl qonaqpərvərliklə qarşılayıb yola saldıqlarına görə bütün lənkəranlılara, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə, İcra Aparatının kollektivinə, idarə, müəssisə və təşkilatların rəhbərlərinə, ərazi icra nümayəndəliklərinə, bələdiyyələrə, bir sözlə, zəhməti olanlara minnətdarlığını bildirdi, hamını dövlət başçımızın ətrafında daha da sıx birləşməyə çağırdı.
Taleh Qaraşov daha sonra oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən danışdı, qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Müşavirədə Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Əbülfət Məmmədov, şəhər 8 saylı tam orta məktəbinin direktoru Aslan İbrahimov, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Zövlə kənd sakini, müəllim Bülbül Sadıqov,  Su-Kanal İdarəsinin müdiri Rövşən Təhməzov və Lənkəran Dövlət Universitetinin magistri Uğur Qurbanzadə çıxış edərək lənkəranlıların dövlət başçımızın rayonumuza tarixi səfərinin xoş təəssüratları altında yaşadıqlarını diqqətə çatdırdılar, Lənkərana göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini əminliklə söylədilər.
Sonda müşavirə iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət ünvanlandı.

Keçidlər