MAMUSTA KƏNDİNDƏ SƏYYARİ QƏBUL-GÖRÜŞ
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyari qəbul-görüşünü iyulun 5-də Mamusta kəndində keçirdi. Görüşdə Mamusta və Daşdalığjar kəndlərinin sakinləri iştirak edirdilər.Mamusta inzibati ərazi dairəsinin nümayəndəsi Zərbəli Rəhmanov çıxışında hər iki kəndin əhalisi, onların məşğuliyyəti, ərazidə aparılan qazlaşdırma barədə məlumat verdi, bəzi çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı. Mamusta bələdiyyəsinin sədri Hüseynəli Şahverdiyev ərazidə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi. Sonra ayrı-ayrı sakinlər çıxış edərək bir sıra təkliflər irəli sürdülər, arzu və minnətdarlıqlarını ifadə etdilər. Mamusta kənd sakini, müəllim Sahib Fərəcov, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov və Mamusta kənd tam orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva çıxışlarında respublikamızda aparılan genişmiqyaslı tikinti və quruculuq işləri barədə ürək sözlərini söylədilər, o cümlədən, Lənkəranda son aylarda yerinə yetirilən abadlıq işləri barədə minnətdarlıq duyğularını ifadə etdilər.Mamusta kənd sakini Hüseyn Fərzullayev ərazidə qaz xəttinin çəkilişlərinə başlandığına görə İcra başçısına minnətdarlığını bildirdi, ərazidə elektrik xətlərində problemlərin olduğunu diqqətə çatdırdı. Mamusta kəndinin axundu Musa Cəfərov XIX əsrdə inşa edilmiş kənd məscidinin təmirə ehtiyacı olduğunu söylədi. Ayrı-ayrı çıxışlarda bir sıra şəxsi məsələlər barədə söhbət açıldı, İcra başçısından onlara köməklik göstərilməsi xahiş edildi.Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov belə görüşlərin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əhalinin arzu və təkliflərini öyrənib həyata keçirmək bizim vəzifə borcumuzdur. Görüşə gələndə Mamusta kəndinin ərazisində qaz xəttinin çəkilişini görəndə ürəyinin dağa döndüyünü sevinclə vurğulayan İcra başçısı əlavə etdi ki, bu, qarşıdan gələn payız-qış mövsümündə hər bir mamustalı və daşdalığjarlının mənzilində mavi yanacağın alovlanması deməkdir. İcra başçısı daha sonra bu ərazidə elektrik təsərrüfatının daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlarını verdi, yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlərin görüləcəyini söylədi, görüş zamanı qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını əminliklə vurğuladı. Taleh Qaraşov sonda müstəqil Azərbaycanımızın son 18-19 il ərzində qazandığı uğurlardan, Ulu Öndərimiz Heydər Əliyevin sərəncamları əsasında həyata keçirilən islahatlardan, bu siyasətin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etməsindən danışdı, bildirdi ki, Azərbaycan hazırda sürətlə inkişaf edir, ölkəmizin qloballaşan dünyada öz yeri, mövqeyi və sözü vardır. Bu gün aparılan siyasətin əsasında insan faktoru dayanır.