Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlı İdmançı Rüstəm İmanzadə Avropa Çempionudur!

11 sentyabr 2013 | 15:00

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi bizim üçün uğurlu olmuşdur. Yaşı 15-ə qədər olan oğlanların yarışında gənc atletimiz İmanzadə Rüstəm fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Lənkəranlı gənc atletimiz artıq birdən qaldırma hərəkətində nümayiş etdirdiyi əla çıxışla gücünü hamıya göstərə bildi. “Zirvə” Klubun yetirməsi olan İmanzadə, ilk yanaşmasında 95 kq sifariş verərək onu rahatlıqla qaldırdı. Bu isə bu hərəkətdə qızıl medal qazanmaq üçün yetərli oldu. Çünki rəqibləri rüstəmə qədər öz çıxışlarını başa vurmuşdular. İmanzadə uğurunu daha da möhkəmləndirmək üçün ikinci yanaşmada 103 kq sifariş verdi və onu da qaldırdı! Sonuncu cəhdində 108 kq-lıq ştanq atletimizə ram olmadı.
Təkanla qaldırma hərəkətində yalnız birdən qaldırmada yaranan üstünlüyü qorumaq qalırdı. Ancaq Rüstəm bununla kifayətlənmədi. O, əvvəlcə birinci yanaşmada 120 kq-ı ram edərək çempionluğunu rəsmiləşdirdi. Daha sonra 126 kq sifariş verən atletimiz, onu da məharərtlə qaldırdı. Üçüncü yanaşmada isə Rüstəm 130 kq-ı da qaldıraraq möhtəşəm nəticə göstərdi.
Toplamda 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən İmanzadə Rüstəm, ən yaxın izləyicisini 26 kq  qabaqlayaraq 62 kq çəki dərəcəsində Avropa çempionu oldu! Fantastik uğurdur!
Cəmi 15 yaşı olan Rüstəm İmanzadə qısa müddətdə Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Gənc atlet bu titullara  Avropa çempionluğunu da əlavə etdi.

Keçidlər