İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1983-cü ildə inşa olunmuşdur. O vaxtdan binada əsaslı təmir aparılmamışdır. Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılmışdır. Ümumi ərazisi 5 hektar olan xəstəxananın yenidən qurulmasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi və xidmətinin müxtəlifliyi ilə fərqlənir. Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx daxildir. Xəstəxananın 13 şöbəsində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, klinik laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir. Diqqəti çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xidmətdə fasilələr yaranmaması üçün 10 kilovoltluq transformator stansiyası və dizel generatoru quraşdırılmışdır. Yeni qazanxana, su anbarı, nasos stansiyası tikilmiş, avtomobil dayanacağı salınmışdır. Xəstəxanada çalışacaq 1900 tibb işçisinin 327-si həkim, 964-ü orta tibb işçisidir. Bu böyük tibb heyəti özlüyündə şəhər xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar həm də onu göstərir ki, son illər səhiyyə sahəsində yaşanan ən böyük dəyişiklik tibb ocaqlarının ən müasir tibbi texnika və avadanlıqlar ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Bu illər ərzində yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tibb ocaqları və müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Azərbaycan səhiyyəsi son illərdə böyük və şərəfli yol keçmişdir. Bu dövr səhiyyəmizin tarixində geniş islahatlar dövrü kimi yadda qalmışdır. Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.