İCRA BAŞÇISININ VİLVAN KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 22-də Vilvan kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Vilvan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hikmət Abbasov kənddə 972 təsərrüfatda 4672 nəfər əhalinin yaşadığını bildirdi, ərazidə aparılan səliqə-səhman və abadlıq işləri barədə məlumat verdi.
Sonra kənd sakinlərindən Təmiraz Rəhimov, İltifat Məhərrəmov, İlyas Əliyev, Ziya Məmmədov, Fərhad Ağayev, Musarza Əzimov və başqaları çıxış edərək bir neçə təklif irəli sürdülər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirdilər, dövlət başçımızın Lənkəran rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Sonra bir neçə kənd sakini şəxsi xahişilə İcra başçısına müracət etdi.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını doğrultmuş və inamını qazanmışdır. Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiqliyini əməli işi ilə sübuta yetirən ölkə başçımız Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında müstəsna rol oynamışdır. Bu gün Azərbaycan dövlətinin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələr icra edilir. Son 10 ildə respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə möhkəm bünövrə, təməl qoyulmuşdur. Azərbaycanda milli-mənəvi dəyərlər möhkəm qorunur, daha da inkişaf etdirilir. Ölkəmiz bir sıra dövlətlər arasında tolerantlığı ilə seçilir.
İcra başçısı daha sonra möhtərəm Prezidentimizin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların uğurla icra edilməsindən söz açdı, bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetirilməsi istiqamətində müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.