İCRA BAŞÇISININ SİYAVAR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 19-da Siyavar kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarını, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Siyavar inzibati ərazi dairəsi üzrə nümayəndə Mircavad Abbasov bildirdi ki, nümayəndəlik Siyavar və Vel kəndlərini əhatə edir. 476 təsərrüfatda 1983 nəfər əhali yaşayır.
Nümayəndə daha sonra ərazidə aparılan səliqə-sahman və abadlıq işləri barədə məlumat verdi.
Kənd sakinlərindən Fərrux Əliyev, Sakitə Əhmədova, Xankişi Əliyev, Balakişi Əmənov, Pərvanə Abbasova və başqaları çıxış edərək ilk növbədə ötən il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şürük-Vel-Qamışovka yolunun asfaltlaşdırılmasına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son 10 ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından, respublikamızın ən ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsindən, yeni sosial layihələrin icra edilməsindən, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsindən ətraflı bəhs etdi.
İcra başçısı bu inkişafın Lənkəran rayonunun timsalında daha aydın göründüyünü xüsusi vurğuladı. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonumuzda yeni infrastruktur layihələrin icra edilməsindən söz açan Taleh Qaraşov lənkəranlıların rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırdı.
İcra başçısı həmçinin 7 kilometrlik Hirkan-Mamusta-Siyavar avtomobil yolunun asfaltlaşdırılmasının plana salındığını söylədi, görüşdə qaldırılan təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.