İCRA BAŞÇISININ ZÖVLƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 16-da Zövlə kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Zövlə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahmud Sadıqov kənddə 620 təsərrüfatda 2804 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial layihələrin həyata keçirildiyini söylədi və bəzi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Kənd sakinlərindən Bülbül Sadıqov, Nizami Əsgərov, Əliməmməd Sadıqov, Əkrəm Əsgərov və başqaları çıxış edərək ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zövlə yolunun yüksək səviyyədə asfaltlaşdırılmasına, o cümlədən kənddə yeni həkim məntəqəsinin tikilib əhalinin istifadəsinə verilməsinə görə, ölkə başçısına bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirdilər və oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini əminliklə söylədilər, kəndə qaz xəttinin çəkilməsini İcra başçısından xahiş etdilər.
Sonra bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müracət etdi.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə bütün lənkəranlılar adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq duyğularını ifadə etdi, son 1 il ərzində dövlət başçımızın imzaladığı sərəncamların uğurla icra edildiyini qeyd etdi, bu işdə lənkəranlıların əməyinə yüksək qiymət verdi.
İcra başçısı Zövlə avtomobil yolunun yüksək səviyyədə asfaltlaşdırıldığını xüsusi vurğulayaraq arzuladı ki, bu yoldan həmişə toy karvanı keçsin, əhalinin gün-güzəranı daha da yaxşılaşsın.
Taleh Qaraşov həmçinin növbəti il üçün Zövlə kəndində yeni məktəb binasının tikintisinin, o cümlədən kəndə təbii qaz xəttinin çəkilişinin reallaşacağını əminliklə söylədi və bugünkü görüş zamanı irəli sürülən bir sıra təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Görüş başa çatdıqdan sonra İcra başçısı yenicə istifadəyə verilmiş həkim məntəqəsinə, sənətkarlıq mərkəzinə və məktəb binasına baxış keçirdi.