İCRA BAŞÇISININ HAVZAVA KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 13-də Havzava kəndində keçirdi. Görüşü Lənkəran ŞİH başçısının Havzava inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Quliyev açaraq bildirdi ki, kənddə 485 təsərrüfatda 2238 nəfər əhali yaşayır. Bu ilin may ayının 10-da, Ulu Öndərin 90 illik yubileyi münasibətilə kəndə təbii qaz verilmişdir. Hazırda 280 ailə mavi yanacaqdan istifadə edir. İcra nümayəndəsi daha sonra kəndin əsas yolunun asfaltlaşdırılmasının vacibliyini İcra başçısının diqqətə çatdırdı, poçt, klub və kitabxana binalarının, eləcə də nümayəndəliyin yerləşdiyi inzibati binanın, həkim məntəqəsinin əsaslı təmirə ehtiyacı olduğunu bildirdi.
Sonra kənd sakinlərindən Elnur Mənsumov, Surac Həsənov, Eyvaz Allahverdiyev və başqaları ürək sözlərini söylədilər, respublikamızda, eləcə də rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son 10 ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs etdi, sosial problemlərin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirdi, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırdı, ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğuladı, Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söylədi.
İcra başçısı son 1 il ərzində dövlət başçımız tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 6 Sərəncamdan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edilməsindən, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olduğundan danışdı, Lənkəranda yeni infrastruktur layihələrin müvəffəqiyyətlə yerinə yetirildiyini bir daha diqqətə çatdırdı.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin və kənddə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görüləcəyini söylədi və müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.