İCRA BAŞÇISININ ŞAĞLAKÜCƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 7-də Şağlakücə kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Şağlakücə inzibati ərazi dairəsində nümayəndəsi Yədulla Yədullayev məlumat verərək bildirdi ki, inzibati ərazi dairəsinə Şağlakücə və Bəlləbur kəndləri daxildir, 1230 təsərrüfatda 4091 nəfər əhali yaşayır. Bu ilin may ayında Şağlakücə kəndinə təbii qaz verilmişdir. Hazırda 730 abonent mavi yanacaqdan istifadə edir. Nümayəndə daha sonra inzibati ərazi dairəsində aparılan abadlıq və səliqə-sahman işləri barədə söz açdı.
Ayrı-ayrı kənd sakinlərindən Sədaqət Qurbanov, Arif Abbasov, Hürü Kəlbiyeva, Əli Rzayev, Gündüz Zeynalov, Maqsud Axundov və başqaları çıxış edərək ölkəmizdə, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət verdilər, 20 illik fasilədən sonra Şağlakücə kəndinə təbii qazın yenidən verilməsi ilə əlaqədar dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər, oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına yekdilliklə səs verəcəklərini əminliklə söylədilər.
Sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşdə çıxış edərək ilk öncə əhalini müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, onlara ən xoş və səmimi arzularını bildirdi.
Azərbaycanın dünyada gedən proseslərdə fəal iştirak etdiyini diqqətə çatdıran İcra başçısı qeyd etdi ki, ölkəmizdə gedən ictimai-siyasi proseslər də dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar bu proseslərə diqqətlə yanaşır və yüksək qiymət verirlər. Azərbaycan qüdrətli, güclü dövlətə çevrildikcə hər bir Azərbaycan vətəndaşının rifah halı getdikcə yaxşılaşır. Son 10 ildə Azərbaycanın qeyri-neft sektoru sürətlə inkişaf edir, Azərbaycan hazırda inkişaf etməkdə olan dövlətlər sırasındadır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar, ictimai qurumlar cənab İlham Əliyevi Azərbaycanın alternativsiz lideri kimi qəbul edirlər. Çünki, cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetişdirməsidir və hazırda Ümummilli Liderin siyasi kursunu ləyaqətlə, uğurla davam etdirir. Keçirilən ictimai rəy sorğularının nəticələrinə görə elektoratın 92-95 faizi dövlət başçımızın namizədliyini dəstəkləyir.
Taleh Qaraşov daha sonra lənkəranlıların həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olduqlarını söylədi, onların bu sadiqliyi əməli işləri ilə sübuta yetirdiklərini xüsusi vurğuladı.
İcra başçısı sonda bugünkü görüş zamanı irəli sürülən bir sıra təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.