BÖLGƏLƏRDƏ SEÇKİ HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ KURSLARA BAŞLANILDI
Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı cənub bölgəsinin Dairə Seçki Komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşdırılmış kurslara başlayıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası insan hüquqlarinin müdafiəsi üzrə Milli Fəaliyyət planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında baş tutan təlimin ilk günündə “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki siyahıları ilə iş qaydası” mövzularında məruzələr dinlənildi.
Məruzələrdə qeyd olundu ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş bu kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır.
Natiqlər çıxışlarında bildirdilər ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması məqsədi ilə bütün imkanlar yaradılıb. Bunun üçün Dairə Seçki Komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var. Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan məruzəçilər, Dairə Seçki Komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının vacibliyindən də danışdılar. Seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyi xüsusi olaraq qeyd edildi. Müşavirədə MSK-nın təmsilçiləri Dairə Seçki Komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirdilər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən təlimdə Lənkəran ŞİH-nin nümayəndələri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, DSK sədrləri və rayon ziyalıları iştirak edirdilər.