İCRA BAŞÇISININ VİRAVUL KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 5-də Viravul kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Viravul inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Qurbanov məlumat verərək Viravul kəndində hazırda 1006 təərrüfatda 3887 nəfər əhalinin yaşadığını söylədi, inzibati ərazi dairəsində aparılan abadlıq-quruculuq işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini bildirdi.
Kənd ağsaqqallarından Ayaz Nəhmətov, Barat Kərimov, Rauf Ağayev, Firdovsi Rəcəbov və başqaları çıxış edərək bildirdilər ki, ölkəmizdə, o cümlədən rayonumuzda genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri yerinə yetirilir, möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Lənkəran rayonu da gündən-günə inkişaf edir, abadlaşır, yeniləşir, əhalinin rifah halı getdikcə daha da yaxşılaşır. Bu inkişaf Viravul kəndində də göz qabağındadır, kəndə təbii qaz xətti çəkilmişdir, tezliklə mavi yanacaq əhalinin istifadəsinə veriləcək, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Viravul- Qaraağaclı yolunun 4 kilometrlik hissəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Çıxış edənlər bu və digər işlərə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər və oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamılıqla dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq ilk öncə əhalini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, onlara ən xoş və səmimi arzularını bildirdi.
Azərbaycanın hazırda sosial-iqtisadi sahədə inkişafından danışan İcra başçısı qeyd etdi ki, ölkəmiz hazırda dünya dövlətləri sırasına sürətlə inteqrasiya edir. Son 10 ildə aparılan islahatlar nəticəsində respublikamızın iqtisadiyyatı dirçəlir, ölkəmizin beynəlxalq nüfuzu artır, paytaxtımızda və bölgələrimizdə beynəlxalq əhəmiyyətli bir sıra tədbirlər və idman yarışları keçirilir, xarici investorlar iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr qoyurlar. Ölkə vətəndaşlarının gün-güzəranı getdikcə yaxşılaşır, dövlətimizin büdcəsi sosial yönümlüdür, pensiyalar, əmək haqqları ildən-ilə artır, infilyasiya minimum həddə çatdırılmışdır. Paytaxtımızda, eləcə də bölgələrdə yeni-yeni infrastruktur layihələr yerinə yetirilir, məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri inşa edilir. Bütün bunlar Azərbaycanın dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasətin bəhrələridir.
Taleh Qaraşov sonda bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.