İCRA BAŞÇISININ VİYƏN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 2-də Viyən kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Viyən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahsuvar Abdullayev məlumat verərək Viyən kəndində hazırda 2855 nəfər əhalinin yaşadığını söylədi, inzibati ərazi dairəsində aparılan abadlıq-quruculuq işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini bildirdi.
Sonra kənd sakinlərindən Qüdrət Cəfərov, Əbdül Cəfərov, Həsən Mehdiyev, Xalıq Nağıyev, Tofiqə Əhmədova çıxış etdilər, respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət verdilər, Viyən kəndinə təbii qaz xəttinin çəkilişinə görə minnətdarlıqlarını bildirdilər, evlərdə tezliklə “mavi alov”un şölələnəcəyinə əminliklərini ifadə etdilər, kənddə bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar, oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini bildirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı son 10 ildə ölkəmizdə əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyin şahididir. Azərbaycan hazırda qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevrilmişdir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev dünyada güclü liderlərdən biri kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.
Taleh Qaraşov ölkəmizdə həyata keçirilən bütün layihələrin Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, onların hərtərəfli inkişafına və formalaşdırılmasına xidmət etdiyini bildirdi.
İcra başçısı daha sonra möhtərəm Prezidentimizin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı 5 Sərəncamın icrasının uğurla həyata keçirilməsindən, yeni infrastruktur layihələrin yerinə yetirilməsindən söz açdı, əhalinin rifah halının gündən-günə yaxşılaşdığını söylədi.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı sakinlər tərəfindən qaldırılan təkliflərin vaxtaşırı həll ediləcəyini və kənddə tezliklə mavi yanacağın əhalinin istifadəsinə veriləcəyini əminliklə bildirdi.