Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ İSTİSU QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

01 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyulun 31-də İstisu qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü  giriş sözü ilə açan İstisu inzibati ərazi dairəsinin nümayəndəsi Rəhim Abdullayev bildirdi ki, hörmətli İcra başçısı Taleh Qaraşovun rəhbərliyi ilə rayonumuzun kənd, qəsəbə və şəhər ərazisində tikinti-quraşdırma işləri aparılır, bir çox yaşayış məntəqələrinə yeni qaz xətləri çəkilir, Lənkəranda yeni su-kanalizasiya layihəsi icra olunur, ən ucqar dağ kəndlərinə asfalt yollar çəkilir və s. işlər uğurla icra edilir.
İcra nümayəndəsi əlavə etdi ki, hazırda ərazidə 750 təsərrüfatda 3 min 437 nəfər əhali yaşayır. Qəsəbənin ərazisi 676,4 hektardır. Qəsəbədə çayçılığın inkişaf etdirilməsi ilə əlaqədar 2 fermer təsərrüfatı fəaliyyət göstərir. Qəsəbə sakini Araz Yaqubov “Yaşıl çay” fermer təsərrüfatı yaratmış, təsərrüfatda 45-50 nəfər mövsümi, 16 nəfər daimi işlə təmin olunmuşdur. İş adamı A.Yaqubov tərəfindən 27 saylı seçki məntəqəsi təmir edilmiş, kəndara yollarına çınqıl döşənmişdir.
R.Abdullayev həmçinin ərazidə 2 orta məktəb, 1 uşaq bağçası, 1 həkim məntəqəsi, 2 klub və 2 kitabxananın fəaliyyət göstərdiyini, burada yeni tipli elektron ATS, poçt şöbəsi, internet xidməti, 14 iaşə obyektinin əhaliyə xidmət göstərdiyini diqqətə çatdırdı. İstisu bələdiyyəsinin sədri Rahim Xosrovov ərazidə aparılan abadlıq və səliqə-sahman işləri barədə məlumat verdi.
Qəsəbə ağsaqqalı Maşallah Talıbov, müəllim Sadiq Quliyev və başqaları çıxış edərək qəsəbədə 750 təsərrüfata yeni qaz xətti çəkildiyini xüsusi qeyd etdilər, internet xidmətinin əhalinin istifadəsinə verildiyini vurğuladılar. Bu və digər işlərə görə qəsəbə sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər.
Çıxış edən ayrı-ayrı sakinlər oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini  ifadə etdilər, Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısını alternativi olmayan dünya şöhrətli Lider kimi dəyərləndirdilər, müxalifətin radikal mövqeyini birmənalı olaraq pislədilər.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşün açıq dialoq və diskussiya şəklində keçirildiyini qeyd etdi, qəsəbə sakinlərinin rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak etdiyini diqqətə çatdırdı.
Bu il ölkəmizin həyatında çox əlamətdar il olacağını – prezident seçkiləri keçiriləcəyini vurğulayan İcra başçısı qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı seçkilərdə fəallığını nümayiş etdirəcək. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Möhtərəm Prezidentimiz 10 il ərzində ölkəmizi qüdrətli bir dövlətə çevirmişdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara nail olub. Yerlərdə möhtərəm Prezidentin siyasəti uğurla həyata keçirilir.
Rayonumuzda aparılan abadlıq, quruculuq və səliqə-sahman işləri barədə danışan Taleh Qaraşov hazırda Lənkəranda qazlaşdırma işlərinin, yeni məktəb tikintilərinin sürətlə aparıldığını, yeni su-kanalizasiya layihəsinin həyata keçirildiyini və digər infrastruktur layihələrinin uğurla icra edildiyini söylədi.
İcra başçısı ölkəmizdə bütün bu və digər məsələlərin proqram şəklində həyata keçirildiyini, ölkədə möhkəm ictimai-siyasi sabitliyin qorunub daha da möhkəmləndirildiyini, ən nəhayət, aparılan islahatların Azərbaycan vətəndaşlarının hərtərəfli inkişafına və formalaşmasına xidmət etdiyini bildirdi.
Sonda Taleh Qaraşov görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan təkliflərin nəzərə alınacağını bildirdi və tezliklə həyata keçirilməsi üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər