LƏNKƏRANDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ
22 iyul Milli Mətbuat günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qeyd edilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin konfrans zalında keçirilən görüşü ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq, jurnalistləri İcra başçısı Taleh Qaraşovun adından təbrik etdi, onlara gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzuladı.
Sonra V.Nəsirli Milli Mətbuatımızın 138 illik tarixinə qısa ekskurs etdi, Ümummilli Lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinə verdiyi qiymətdən, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söhbət açdı, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin KİV nümayəndələrinə göstərdiyi dövlət qayğısından danışdı, mətbuat işçilərinin ictimai-siyasi həyatımızda mühüm rol oynadığını xüsusi vurğuladı və sonda onları bir daha peşə bayramları münasibətilə təbrik etdi.
Tədbirdə “Lənkəran”, “Aşkarlıq”, “Respublika”, “Olaylar” qəzetlərinin, “Şəfəq”, “Yaşıl çay”, “Söz” jurnallarının və s. müxbirləri iştirak etmişlər. Çıxış edən jurnalistlər müasir medianın tələblərindən irəli gələn vəzifələrdən danışdılar, bugünkü qəbula görə İcra başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda görüşdə iştirak edən jurnalistlərin hər birinə ŞİH-nin Fəxri fərmanları və pul mükafatları təqdim olundu.