LƏNKƏRAN RAYONUNUN ZÖVLƏ KƏNDİNDƏ YENİ TİBB MƏNTƏQƏSİNİN AÇILIŞI KEÇİRİLDİ
İyulun 19-da Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə rayonumuzun Zövlə kəndində yeni həkim məntəqəsinin tikintisi və tibbi avadanlıqlarla təchizi infrastruktur layihəsinin açılışını həyata keçirdi.
Bu münasibətlə keçirilən rəsmi mərasimi açan ADTGT-nin sədri Asif Əsgərli qısa vaxt ərzində uğurla həyata keçirilən layihəyə uyğun görülmüş işlər – yeni, müasir tipli həkim məntəqəsinin tikintisi və modern tibbi avadanlıqlarla təchizatı haqqında məlumat verdi.A.Əsgərli eyni zamanda yüksələn xətlə inkişaf edən Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı barədə danışaraq, bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını vurğuladı.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək ilk növbədə İcra başçısı Taleh Qaraşovun salamlarını və təbriklərini çatdırdı, görülmüş işləri yüksək qiymətləndirdi, respublikada, o cümlədən Lənkəranda Yaponiya Səfirliyinin dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə və sosial infrastruktur layihələrinə görə təşəkkürünü bildirdi.
Yaponiyanın Azərbyacandakı səfirinin müavini xanım Hideko Ono çıxışında layihəni və onu icra edən ADTGT-nın qısa müddətli fəaliyyətinə yüksək qiymət verdi, layihəyə dəstək verən rayon rəhbərliyinə təşəkkürünü bildirdi və Yaponiya Səfirliyinin bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini əminliklə söylədi.
Müəllim Bülbül Sadıqov kənd sakinləri adından minnətdarlığını bildirdi.
Sonra rəmzi qırmızı lent kəsildi və həkim məntəqəsinə, otaqlara, avadanlıqlara və digər görülmüş işlərə baxış keçirildi.
Qeyd edək ki, bu layihə üzrə ADTGT ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında qrant müqaviləsi 5 mart 2013-cü il tarixdə imzalanmışdı. 6 ay ərzində tamamlanması nəzərdə tutulan işlər 4 ay ərzində başa çatdırıldı.
Bu layihə ADTGT-nin Yaponiya Səfirliyinin dəstəyi ilə həyata keçirdiyi 6-cı layihədir ki, onun da 4-ü məhz Lənkəranda həyata keçirilmişdir.