Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

20 İLLİK FASİLƏDƏN SONRA GÖYŞABAN KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

12 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində intensiv işlər aparılır, təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. Lənkəran rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir.
Belə ki, iyul ayının 11-də 20 illik fasilədən sonra Göyşaban kəndinə təbii qazın verilməsi bərpa edildi. Bu münasibətilə kənddə təntənəli açılış mərasimi keçirildi. Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Göyşaban inzibati ərazi dairəsində nümayəndəsi Ceyhun İmanov qeyd etdi ki, Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 371,3 metr olan müxtəlif diametrli metal, 14 min 046,8 metr isə polietilen boru çəkilmiş, 82 ədəd siyirtmə, 738 ədəd sayğac və tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən sakinlər kəndin “mavi yanacaq”la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev kənd sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik etdi. Şirkət rəsmisi çıxışında ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan işlər barədə məlumat verdi, dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik nitqində qeyd etdi ki, bu gün göyşabanlıların həyatında yaddaqalan bir gündür. Əhali sevinc içərisindədir. Bu sevinci bizə bəxş etdiyi üçün möhtərəm cənab Prezident İlham Əliyevə bütün lənkəranlılar adından dərin minnətdarlığımızı bildiririk.
İcra başçısı həmçinin Azərbaycanda son illərdə qazlaşdırma sahəsində əldə edilmiş uğurlardan, o cümlədən Lənkəranda əhalinin “mavi yanacaq”la təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışdı, indiyədək 32 yaşayış məntəqəsinin təbii qazla təchiz olunduğunu, ilin sonuna kimi daha 42 yaşayış məntəqəsinə təbii qazın verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Sonda R.Abdullayev və T.Qaraşov rəmzi məşəli alovlandırdılar.
Tədbirdən sonra qonaqlar Göyşaban kənd sakini Bəstiqız Əliyevanın yaşadığı mənzildə “mavi yanacağ”ın açılışında iştirak etdilər.

Keçidlər