Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YAP SƏDRİNİN MÜAVİNİ ƏLİ ƏHMƏDOVUN RAYON FƏALLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLDİ

05 iyul 2013 | 15:00

İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, İcra katibi Əli Əhmədov Heydər Əliyev Mərkəzində rayon təşkilatının fəalları ilə görüş keçirdi.
Görüşdən əvvəl Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Görüşdə Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edib.
Tədbiri YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açıb. Bildirib ki, YAP Lənkəran şəhər təşkilatı hazırda 152 ilk ərazi təşkilatda 10 min 150 nəfəri birləşdirir. Bunlardan 3850 nəfərini qadınlar, 3351 nəfərini isə gənclər təşkil edir. Təkcə son bir ildə partiya sıralarına 1152 nəfər üzv qəbul edilib.
Təşkilat sədri həmçinin rayonda gedən quruculuq işlərinə toxunub. O, bu işlərdə YAP üzvlərinin fəallığını qeyd edib.
Sonra İ.Dadaşov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və s. məsələlərdən danışıb.
YAP-ın sədr müavini, İcra katibi Əli Əhmədov çıxışında respublikada gedən geniş abadlıq və quruculuq işlərinə toxunub. İcra katibi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulayıb.
Daha sonra sədr müavini Ə.Əhmədov gənclərin, qadınların, böyük nüfuza malik rayon sakinlərinin təbliğat işlərində fəal iştirakının təmin olunmasının vacibliyini tövsiyə edib. Natiq ümid etdiyini bildirib ki, həmişəki kimi lənkəranlılar qarşıdakı prezident seçkilərində də hamılıqla YAP-ın sədri, cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
İcra katibi Əli Əhmədov partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı mövcud tutarlı faktlarla fəal mübarizə aparmağa çağırıb. Bildirib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: “Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diqtəsi ilə yaradılan Milli Şura deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən dəstənin ciddi bir siyasi şansı yoxdur.”
İcra katibi daha sonra əlavə edib ki, Milli Şura deyilən qurumun özünə lider seçdiyi Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır. Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalına yad bir şəxsdir. 2-3 il bundan əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərirlər. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq  yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək, – deyə Əli Əhmədov əlavə edib.
Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, ötən ildə cənab Prezident İlham Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı 4 sərəncamla rayonda geniş sosial layihələr həyata keçirilir. Su və kanalizasiya xətlərinin çəkildiyini, yolların əsaslı təmir olunduğunu, kəndlərin qazlaşdırıldığını diqqətə çatdıran İcra başçısı görülən bütün işlərin  cənab İlham Əliyevin yürütdüyü uzaqgörən syasət nəticəsində mümkün olduğunu və növbəti 5 il üçün Lənkəran əhalisinin mütləq əksəriyyətinin bu siyasətin davamı olaraq, prezident seçkilərində yeganə layiqli namizəd cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib.
Tədbirdə YAP Lənkəran şəhər təşkilatının fəallarından Güloğlan Bağırov, İbad Sadıqov və başqaları çıxış edərək bildiriblər ki, seçkilərdə fəal iştirak etməklə xalqımızın ən layiqli namizədi möhtərəm Prezident İlham Əliyevə səs verəcəklər.

Keçidlər