LƏNKƏRANDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU
İyulun 2-də Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da polis işçilərinin peşə bayramı günü təntənə ilə qeyd olundu.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqamlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular.
Sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsində bayram tədbiri keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxundu.
Daha sonra Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynovun məruzəsi dinlənildi. O, Azərbaycan polisinin AXC dövründə – 2 iyul 1918-ci ildə yaradıldığını, Azərbaycan polisinin keçdiyi 95 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs etdi, 2 iyul 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə polis işçilərinin peşə bayramı gününün təsis edilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən, Lənkəran rayonunda polisin həmişə ayıq-sayıq olmasından, dövlətçiliyimizin qorunmasında görülən tədbirlərdən və s. məsələlərdən ətraflı bəhs etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində bildirdi ki, Azərbaycan polisinin keçdiyi 95 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur.
İcra başçısı həmçinin Ulun Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Taleh Qaraşov sovetlər dönəmində daxili işlər orqanlarının formalaşdığını bildirərək qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstərmişlər. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində polis orqanlarında höküm sürən hərc-mərclikdən və özbaşınalıqdan danışan İcra başçısı xüsusi vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirildi, hazırda möhtərəm Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Taleh Qaraşov Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd etdi və sonda onlara ən səmimi və xoş arzularını çatdırdı.
Lənkəran rayon prokuroru Natiq Abdullayev, Məhkəmənin sədri Elçin Kazımov, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev, MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev və bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söylədilər.
Polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Lənkəran ŞİH başçısının Fəxri fərmanları, ŞRPŞ-nin pul mükafatları təqdim olundu, Lənkəran ŞRPŞ maliyyə bölməsinin rəisi Azad Abdullayevə polkovnik-leytenant rütbəsinin verilməsi barədə DİN naziri R.Usubovun əmri oxundu.