LƏNKƏRANDA ELEKTRON XİDMƏTLƏRİN TƏQDİMATI KEÇİRİLİB
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə Cənub bölgəsinin sahibkarları üçün elektron xidmətlərin növbəti təqdimatı iyulun 12-də Lənkəranda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 50-yə yaxın sahibkar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov açaraq iştirakçıları İcra başçısı Taleh Qaraşovun adından salamlamış, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində yaradılmış münbit şəraitdən və görülmüş işlərdən danışmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edərək sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlər bölməsi yaradılmışdır.
Bölmədə Nazirlik tərəfindən verilən lisenziyalar və sertifikatlar, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması, xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilmiş, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların real vaxt rejimində elektron formada ödənilməsi təmin olunmuşdur.
Tədbirdə icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə də məlumat verilmiş, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara fəaliyyətin növündən asılı olaraq tələb edilən icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.
Saytda yaradılmış “sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi vasitəsilə sahibkarlar məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak imkanı əldə edəcəklər.
Beynəlxalq Maliyyə Korporasiyasının “İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesteri (www.yoxlama.gov.az), “Minimax” şirkətinin nümayəndələri Cavid Xəlilov isə www.biznesinfo.az internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat vermiş, sahibkarların məlumatlılıq səviyyəsinin artırılmasında əhəmiyyətini qeyd etmişlər.
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyesterinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış etmişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatı diqqətə çatdırmışdır.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.