AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ
İyunun 28-də kənd təsərrüfatı naziri İsmət Abasov Lənkəranda vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir rayonun Vilvan kəndində fermer İlyas Əliyevə məxsus çayçılıq təsərrüfatına baş çəkərək, əməkçilərlə iş başında söhbətləşib, onların problemlərini dinləyib.
Lənkəran Aqrar Elm Mərkəzinin inzibati binasında reallaşan qəbulda isə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından 70-dək sakin iştirak edib.
Müraciətlərdə daha çox texnikanın çatışmazlığı, subsidiyaların verilməsi, suvarma sistemlərinin modernləşdirilməsi və s. bu kimi problemlər dilə gətirilib. Bəzi məsələlər İ.Abasovun göstərişi ilə nazirliyin müvafiq strukurları tərəfindən yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə daxil olmayan digər müraciətlər isə aidiyyatı qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.