Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ OSAKÜCƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

28 iyun 2013 | 15:00

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyunun 27-də Osakücə kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Osakücə inzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Əbdülov məlumat verərək bildirdi ki, inzibati ərazi dairəsi Osakücə, Sinovli, Moloja, Tatoba, Pambəyi və Haftaruon kəndlərini əhatə edir. Əhalinin sayı 4 min 801 nəfər, təsərrüfatların sayı 1264, ərazisi 1119,3 hektardır. Kənddən rayon mərkəzinədək məsafə 15 km-dir. Ərazidə 22 nəfər Qarabağ müharibəsi veteranı, 2 nəfər Qarabağ müharibəsi əlili, 10 şəhid ailəsi, 4 nəfər Əfqanıstan müharibəsi iştirakçısı, 1 nəfər Çernobıl əlili və s. yaşayır.
Ərazidə 4 tam orta məktəb, Osakücə kənd uşaq bağçası, Osakücə mədəniyyət evi, 3 kənd kitabxanası, həkim məntəqəsi, aptek, mağazalar, çayxanalar, yeməkxanalar, bərbərxanalar, rəqəmsal tipli elektron ATS, poçt şöbəsi fəaliyyət göstərir.
Osakücə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ərazidə aparılan səliqə-sahman, abadlıq işləri, bələdiyyənin həyata keçirdiyi müxtəlif tədbirlər və yardımlar haqqında məlumat verdi.
Sinovli kənd sakini, ekoloq-jurnalist Bəxtiyar Hüseynov, Moloja kənd tam orta məktəbinin müəllimi Azad Hüseynov, Tatoba kəndindən Fazil Cəfərov, Osakücə kəndindən Rizvan Dadaşov və Şahrza Dövlətov çıxış edərək ayrı-ayrı kəndlərdə mövcud olan sosial problemləri İcra başçısının diqqətinə çatdırdılar, qarşıdan gələn prezident seçkilərində  yekdilliklə dövlət başçımız İlham Əliyevə səs verəcəklərini əminliklə söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər, Osakücə kəndində xeyir-şər məclisi  üçün inşa edilmiş binanın dam örtüyünün tikintisini başa çatdırmaqdan ötrü Taleh müəllimdən yardım istədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün sakinləri diqqətlə dinlədikdən sonra yekun nitqində bildirdi ki, rayon mərkəzindən 15 km məsafədə yerləşən bu əraziyə dövlət başçımızın Sərəncamı ilə çəkilmiş isti asfalt yoldan rahat keçmək hamının ürəyincədir. Hazırda Lənkəran rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir, möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları uğurla icra edilir. Bu diqqət və qayğıya görə bütün sakinlər adından dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk.
İcra başçısı son 10 il ərzində ölkəmizdə həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışaraq qeyd etdi ki, bütün tədbirlərin mahiyyətində Azərbaycan əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması əsas yer tutur. Dövlət büdcəmiz sosial yönümlüdür. Dünən – iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə paytaxt Bakıda hərbi nümayiş keçirildi. Bu, dövlətimizin hərbi qüdrətinin, potensial gücünün inkişafının əyani göstəricisi idi. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarıdır. Azərbaycan nəinki Cənubi Qafqazın lideridir, o cümlədən dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir.
Taleh Qaraşov çıxışında həmçinin Osakücə inzibati ərazi dairəsində əkinə yararlı torpaq sahələrinin istifadəsiz qaldığına görə narahatlığını ifadə etdi, əhalini torpağı əkib-becərməyə, məhsul bolluğu yaratmağa çağırdı.
İcra başçısı çıxışının sonunda bu ilin oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində bütün seçiciləri fəal olmağa, bir nəfər kimi seçki məntəqələrinə gələrək ürəyinin hökmü ilə  Azərbaycanın gələcək inkişafına, alternativsiz lideri İlham Əliyevə, müstəqil Azərbaycanda demokratiyanın təntənəsinə səs verməyə çağırdı.
Taleh Qaraşov sonda bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini, ərazidə xeyir-şər məclisi üçün inşa edilmiş binanın dam örtüyünün tikintisinə operativ köməklik göstəriləcəyini əminliklə söylədi.

Keçidlər