Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ SEPARADİ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

26 iyun 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyunun 25-də Separadi kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Əzimov məlumat verərək bildirdi ki,  Separadi inzibati ərazi dairəsinə Separadi və Tükəvilə kəndləri daxildir, əhalinin sayı 5 min 146 nəfərdir. Ərazidə 1184 təsərrüfat vardır. Ərazisi 1072,86 hektardır. Əhalinin əsas məşğuliyyəti tərəvəzçilik və heyvandarlıqdır. Ərazidə Separadi və Tükəvilə kənd tam orta məktəbləri, Separadi kənd uşaq bağçası, Separadi mədəniyyət evi, Separadi və Tükəvilə kənd kitabxanaları, kənd həkim məntəqələri, 657 nömrə tutumlu rəqəmsal tipli iki elektron ATS, poçt şöbəsi, ictimai iaşə obyektləri, şadlıq evi, ticarət mərkəzi və s. fəaliyyət göstərir.
Separadi ərazi dairəsində 6 nəfər Qarabağ müharibəsi veteranı, 6 nəfər Qarabağ müharibəsi əlili və 2 şəhid ailəsi, 1 nəfər Əfqanıstan müharibəsi iştirakçısı və 6 nəfər Çernobıl əlili yaşayır.
S. Əzimov xüsusilə qeyd etdi ki, Lənkəran-Zövlə magistral yolunun asfaltlaşdırılması ilə hər iki kəndin əhalisinin uzun illər davam edən əziyyətinə 2013-cü ildə son qoyuldu. İcra nümayəndəsi buna görə sakinlər adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq duyğularını ifadə etdi.
Separadi kənd bələdiyyəsinin sədri  Niyaməddin Məmmədov inzibati ərazi dairəsində aparılan abadlıq-quruculuq işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini söylədi. Bələdiyyə sədri əlavə etdi ki, kənd gənclərinin idmana həvəsini nəzərə alaraq bələdiyyənin vəsaiti və kəndin imkanlı iş adamlarının xeyriyyəçiliyi ilə  Separadi kənd ərazisində idman kompleksinin tikintisinə başlanmışdır. Kompleksdə gənclərin və yeniyetmələrin müxtəlif idman növləri ilə məşğul olmaları üçün zəruri avadanlıqlar alınıb gətirilmişdir.
Separadi kənd sakinlərindən Barat Rzayev və İsmayıl Əsgərov, Tükəvilə kənd sakinlərindən Bəxtiyar Babayev və Mirəhməd İsmayılov çıxış edərək ərazidə İcra nümayəndəliyi ilə bələdiyyənin birgə fəaliyyətindən bəhs etdilər, qarşıdan gələn prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklərini söylədilər.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə əlaqədar İcra başçısına müraciət etdilər, kənddə bulağın bərpa edilməsini İcra başçısından xahiş etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət xalqımızın ürəyincədir. Ölkə başçısının reytinqi ilbəil artır. Bunu beynəlxalq qurumların, ictimai birliklərin  və cəmiyyətlərin respublikamızda keçirdiyi rəy sorğusu birdaha təsdiq edir.
İcra başçısı oktyabr ayında keçiriləcək Prezident seçkilərində hamını fəal olmağa və seçki məntəqələrinə gəlməyə çağırdı.
Separadi kəndində əhali ilə ikinci dəfə səyyar-qəbul görüş keçirdiyini diqqətə çatdıran Taleh Qaraşov  qeyd etdi ki, ötən ildə əhali tərəfindən qaldırılan mövcud problemlərin həlli istiqamətində xeyli iş görülmüşdür. Bugünkü görüş zamanı kənddə bulağın bərpa edilməsi üçün əlaqədar struktur rəhbərlərinə tapşırıqlarını verən İcra başçısı görüş başa çatan kimi həmin yerə baxış keçiriləcəyini bildirdi.
Taleh Qaraşov çıxışında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə imzaladığı sərəncamların uğurla icra edildiyini, rayonda içməli su və kanalizasiya layihəsinin həyata keçirildiyini, bu layihənin Lənkəran şəhəri daxil olmaqla ətraf 12 kənd və qəsəbədə də icra olunduğunu, ilin sonunadək Lənkəranda qazlaşdırma prosesinin 90-95 faiz yerinə yetiriləcəyini, yol infrastrukturunun yenilənməsi layihəsinin bütün rayon ərazisini əhatə edəcəyini, bir sıra digər sosial layihələrin də həyata keçiriləcəyini əminliklə söylədi.
Respublikamızda, o cümlədən regionlarda belə uğurların mənbəyinin ictimai-siyasi sabitlikdə olduğunu, insanların Konstitusiya hüquqlarının layiqincə qorunduğunu xüsusi vurğulayan İcra başçısı həmçinin qeyd etdi ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan – 2020;  gələcəyə baxış” proqramında yerdə qalan sosial problemlərin öz həllini tapacağı nəzərdə tutulmuşdur.
Görüşdən sonra İcra başçısı müvafiq strukturların rəhbərləri ilə birlikdə sözügedən bulağın yerləşdiyi əraziyə baxış keçirdi.

Keçidlər