Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA DÖVLƏT QULLUQÇULARI GÜNÜNÜN TƏNTƏNƏSİ

23 iyun 2013 | 15:00

İyunun 22-də Dövlət Qulluqçuları günü Lənkəranda da təntənə ilə qeyd edildi.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, İcra Aparatının kollektivi və rayonda fəaliyyət göstərən müəssisələrin dövlət qulluqçuları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər gül dəstələri düzdülər.
    Daha sonra ŞİH-nin iclas zalında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ilk öncə bütün dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd etdi ki, bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçuları fəal mövqe nümayiş etdirərək Vətənə, cəmiyyətə layiqincə xidmət göstərirlər.
     Sonra Lənkəran ŞİH başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzəsi dinlənildi. Natiq Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət qulluğunda çalışanların əməyinə mühüm diqqət və qayğı göstərilməsindən, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən, dövlət qulluqçularının səmərəli fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək səviyyədə qiymətləndirilməsindən, mükafatlandırılmasından, onlara fəxri adların verilməsindən danışdı, Lənkəranda müxtəlif idarə və təşkilatlarda çalışan dövlət qulluqçularının əməyindən, onların bu şərəfli adı öz fədakar əməyi  ilə layiqincə doğrultmalarından söz açdı.
     Məruzəçi Azərbaycan Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Qulluqçuları gününün təsis edilməsini, bu günün respublikamızın hər yerində olduğu kimi Lənkəranda da təntənə ilə qeyd olunmasını xüsusi vurğuladı, bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik etdi.
     Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Lənkəran ŞİH Aparatında Həmkarlar Təşkilatının sədri Əzizulla Hüseynov, keçmiş dövlət qulluqçusu, Lənkəran Dövlət Universitetinin əməkdaşı Vaqif Abdullayev və DSMF Lənkəran şəhər şöbəsinin aparıcı məsləhətçisi Anar Əliyev çıxış edərək rəy və mülahizələrini söylədilər.
      Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tədbiri yekunlaşdıraraq Lənkəranda hazırda sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm sürdüyünü, İcra Aparatında və digər müəssisələrdə çalışan dövlət qulluqçularının öz peşələrinə sadiq və sədaqətli olduqlarını vurğuladı, son illərdə rayonda qazanılan uğurlarda onların zəhmətinin danılmaz olduğunu xüsusi qeyd etdi.
     İcra başçısı həmçinin, rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı, Lənkərana göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dövlət qulluqçuları adından minnətdarlığını bildirdi.
      Kadrların peşə hazırlığı məsələlərindən ətraflı söz açan Taleh Qaraşov yekunda qarşıdan gələn prezident seçkilərində dövlət qulluqçularının bir nəfər kimi dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəklədiklərini qeyd etdi və yekdilliklə Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısına səs verəcəklərini əminliklə söylədi.
İcra başçısı sonda bütün dövlət qulluqçularını əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etdi,onlara ən səmimi arzularını çatdırdı və fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
     Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Keçidlər