OSAKÜCƏ KƏNDİNDƏ SƏYYARİ QƏBUL – GÖRÜŞ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyari qəbul – görüşünü iyulun 12-də Osakücə kəndində keçirdi. Görüşdə İcra başçısının müvainləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. İnzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Əbdulov əraziyə daxil olan 6 kənd – Osakücə, Sinovli, Tatova, Moloja, Pambahi və Haftarion kəndləri onların əhalisi, məşğuliyyəti haqqında məlumat verdi, ərazidə aparılan abadlıq və quruculuq işləri barədə danışdı, mövcud çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı. Sonra ayrı-ayrı kənd sakinləri çıxış edərək bir sıra təkliflər irəli sürdülər, şəxsi xahişlərini dilə gətirdilər.
Sinovli kənd sakini Bəxtiyar Hüseynov Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2012-ci il tarixli “Lənkəran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı əsasında 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun tikintisinə başlanıldığının ərazidə yaşayan bütün vətəndaşların dərin minnətdarlığına səbəb olduğunu diqqətə çatdırdı və buna görə ölkə başçısına onların adından təşəkkürlər etdi. Kənd ziyalısı çıxışında xüsusilə vurğuladı ki, 2013-cü ildə keçiriləcək növbəti Prezident seçkilərində əraziyə daxil olan kəndlərin seçiciləri hamılıqla möhtərəm İlham Əliyevə səs verəcəklər.
Şəhid atası Ağamir Kazımov Osakücə kəndində şəhidlər kompleksinin ərazisinin asfaltlaşdırılması xahişi ilə müraciət etdi.
Moloja kənd sakini, müəllim Azad Hüseynov kənddə 2,5 kilometrlik yolun asfaltlaşdırılması, kənd məktəbi üçün yeni binanın tikintisi təklifini irəli sürdü.
Ağsaqqal Zəqəm Rəfiyev qəbristanlığa gedən yolun abadlaşdırılmasını, Pambahi kəndində məscidin olmadığını diqqətə çatdırdı.
Ağsaqqal İbrahim Kazımov ərazidə pensiyaları rahat və vaxtında almaqdan ötrü bankomatın quraşdırılmasına ehtiyacın olduğunu söylədi.
Ayrı-ayrı çıxışlarda ərazidə sürətli internetin olmadığı, gənclərin asudə vaxtının səmərəli təşkilindən ötrü kənddə stadionun təmir edilməsinin vacibliyi, o cümlədən, bir sıra şəxsi məsələlər İcra başçısının diqqətinə çatdırıldı.
ŞİH-nin başçısı Taleh Qaraşov bütün çıxış edən vətəndaşları diqqətlə dinlədikdən sonra yekun nitqində bu günkü görüş zamanı qaldırılan məsələlərin və təkliflərin qısa zaman kəsiyində həll ediləcəyini əminliklə vurğuladı və əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
İcra rəsmisi daha sonra əlavə etdi ki, ölkə başçısı tez-tez bölgələrə səfərə gedir, əhali ilə görüşür və onların problemlərini öyrənir. Cənab Prezident müəyyən müddət keçəndən sonra yenidən həmin bölgələrə gedir, verdiyi tapşırıqların icrasını yerindəcə yoxlayır. Dövlətimiz gündən-günə möhkəmlənir, qüdrətli bir ölkəyə çevrilir. Hazırda ən ucqar dağ kəndlərinə yollar çəkilir, sosial layihələr sürətlə icra edilir. İndi Azərbaycan qazı Avropa ölkələrinə ixrac edilir. Azərbaycan vətəndaşlarının maddi rifah halının daha da yaxşılaşdırılması cənab Prezidentin siyasətinin əsasını təşkil edir. Möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi daha firavan və xoşbəxt gələcəyə aparır.