LƏNKƏRANDA "MƏZUN" ƏMƏK YARMARKASI KEÇİRİLDİ
Məşğulluq xidməti orqanları tərəfindən ölkənin ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi ilə əmək yarmarkalarının təşkili işi davam etdirilir.
Növbəti belə tədbir Lənkəran Məşgulluq idarəsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində baş tutdu.
Əsasən universitet məzunları üçün nəzərdə tutulmuş yarmarkada 9-u dövlət, 5-i özəl olmaqla 14 işəgötürən müəssisə tərəfindən 152 boş iş yeri təqdim edildi.
Ümumilikdə 14 təşkilatın iştirak etdiyi Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran şəhər Məşğulluq İdarəsinin təşkilatçılığı ilə reallaşan yarmarkaya 200-ə yaxın tələbə qatıldı.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd ölkə Prezidentinin tapşırıqlarına əsasən respublikamızda məşğulluğun yüksədilməsi, sahibkarlığın inkişafı və yoxsulluğun azaldılmasıdır
Məlumat üçün bildirək ki, 2007-2013-cü illər ərzində respublikanın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən tədbirlərdə 2105 müəssisə, 14096 boş (vakant) iş yeri ilə iştirak edib və nəticədə 1964 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.