LƏNKƏRAN DÖVLƏT TİBB KOLLECİNDƏ MƏZUNLARIN NÖVBƏTİ BURAXILIŞI OLDU
17 iyun Tibb İşçiləri gününə təsadüf olunan bu tədbirdə Lənkəran Tibb Kollecini bitirən 54 məzuna diplom təqdim edildi. Məzunlardan 29 nəfəri feldşer, 25 nəfəri isə mama ixtisasına yiyələnmişlər. 1 nəfərə fərqlənmə diplomu təqdim olundu.
Tədbirdə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli, məzunların valideynləri, kollecin pedaqoji kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri, aşağı kurs tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə kollecin direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent İqbal Əmənullayev açaraq bu ilin Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyləri, müstəqilliyimizin 95, qurtuluşumuzun 20 illiyi və eyni zamanda Tibb İşçiləri günü ilə yadda qalacağını söylədi.
Məzunlardan Aysel Vahabova, fərqlənmə diplomuna layiq görülən Telli Hüseynova, Zəhra Əliyeva kollecin pedaqoji kollektivinə onlarla zəhməti olan, bu çətin peşənin sirlərini öyrədən hər kəsə dərin minnətdarlıqlarını ifadə etdilər. Çalışacaqları səhiyyə müəssisələrində xəstələrə ləyaqətlə xidmət edəcəklərini və həmişə kollecin şərəfini uca tutacaqlarını vurğuladılar.
Birinci kurs tələbələrindən Ramilə Rzayeva, Lalə Əzizova, məzunlara ürək sözlərini söylədilər. Eyni zamanda, valideynlər adından çıxış edən Namik Səfərov (Salyan rayonu, Qardili kənd sakini) məzunları təbrik etdi və kollecin müəllimlərinə dərin minnətdarlığını bildirdi.
Kollecin müəllimi Muradəli Fərəcov məzunları və onların valideynlərini təbrik edərək məzunları səhiyyə müəssisələrinə işə qəbul qaydaları ilə tanış etdi.
Lənkəran ŞİH başçısının müavini Vüsal Nəsirli kollec tələbələrinin rayonun ictimai həyatında həmişə fəal iştirak etdiklərini qeyd etdi. O, respublikada yeni iş yerlərinin açılmasından, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirindən söz açdı.
Sonda kollecin məzunlarına təntənəli şəkildə diplomlar təqdim olundu.