LƏNKƏRANDA TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ
İyunun 16-da Lənkəranda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər.
Sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Daha sonra Baş həkim qeyd etdi ki, Prezident cənab İlham Əliyevin Lənkərana etdiyi son səfəri zamanı Mərkəzi xəstəxananın təmir edilməsilə bağlı verdiyi tapşırıq artıq başa çatmaq üzrədir. 1000-ə yaxın tibb işçisinin çalışdığı Lənkəran Mərkəzi Rayon Xəstəxanası yaxın zamanda Avropa standartlarına uygun əsaslı təmir və müasir formada avadanlıqla təchiz olunub tibb işçilərinin istifadəsinə veriləcək. Səhiyyə ocağında əhaliyə yüksək səviyyəli tibb xidmətinin göstərilməsi nəzərdə tutulub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər sahədə olduğu kimi səhiyyə sistemində də səmərə və keyfiyyətin yaxşılaşdırıldığını xüsusi vurğuladı və bu siyasətin davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğısından danışaraq son illər ölkəmizdə, eləcə də Lənkəranın səhiyyə sistemində aparılan islahatları diqqətə çatdırdı, tibb işçilərini İcra başçısı Taleh Qaraşovun adından təbrik etdi.
Çıxışlarda tibb işçilərinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq bildirildi. Səhiyyə işçiləri bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.
Sonra səhiyyə işçilərinə Lənkəran Mərkəzi Rayon Xəstəxanası və İcra hakimiyyətinin diplom və qiymətli hədiyyələri təqdim olundu.
Tədbir konsert proqramı və yerli incəsənət ustalarının ifaları ilə başa çatdı.