HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MİLLİ QURTULUŞ GÜNÜ İLƏ ƏLAQƏDAR ÜMUMRAYON TOPLANTISI KEÇİRİLDİ
İyunun 14-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibətilə ümumrayon toplantısı keçirildi.
Toplantı iştirakçıları əvvəlcə Mərkəzin foyesində Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi şagirdlərinin zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevə həsr etdikləri rəsm əsərləri ilə tanış oldular.
Toplantını giriş sözü ilə Lənkəran ŞİH başçısının birinci müavini, YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq İcra başçısı Taleh Qaraşovun bayram təbriklərini iştirakçılara çatdırdı.
İlqar Dadaşov çıxışında 15 iyun Milli Qurtuluş gününün Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında həkk olunan tarixi günlərdən biri olduğunu qeyd etdi. Natiq 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı. Bu siyasi kursun 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan İcra rəsmisi əlavə etdi ki, respublikamızın bütün regionları, o cümlədən Lənkəran rayonu da sürətlə inkişaf edir.
İlqar Dadaşov sonda iyunun 7-də keçirilmiş Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü respublikanın hər yerində olduğu kimi, Lənkəranda da dəstəkləndiyini fərəhlə qeyd etdi, oktyabr ayında keçiriləcək prezident seçkilərində lənkəranlıların Heydər Əliyev siyasi kursunun layiqli davamçısına yekdilliklə səs verəcəyinə əminliyini ifadə etdi.
Sonra Lənkəran ŞİH Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev “15 iyun – Milli Qurtuluş günü ümummilli xilas günüdür” mövzusunda məruzə etdi. Natiq ölkəmizin tarixində mühüm yer tutan 15 iyun Milli Qurtuluş gününün respublikamızda təntənə ilə qeyd olunmasının təsadüfi olmadığını vurğulayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Aparılan islahatlar nəticəsində respublika sürətli inkişaf yoluna qədəm qoydu. Xalqın maddi və mənəvi həyat səviyyəsi gündən-günə yaxşılaşdı. Respublikamız dünya birliyində layiqli yerlərdən birini tutdu, onun beynəlxalq nüfuzu artdı, bir sözlə, müstəqilliyimiz dönməz və əbədi oldu.
Sonra məruzə ətrafında çıxışlar oldu. Lənkəran Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Rakif İbadov, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev və LDU-nun Tələbə-gənclər təşkilatının sədri Uğur Qurbanzadə ürək sözlərini söylədilər, müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etdilər.
Toplantını İ.Dadaşov yekunlaşdırdı.