HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ KEÇİRİLDİ
Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Böyük xilaskar” başlığı altında Mərkəzin rəsm studuyası fəallarının rəsm əsərlərinin sərgisi düzənlənmişdir. Sərgini Mərkəzin direktoru S.Şəfiyeva açaraq, bildirmişdir ki, 15 iyun Azərbaycan xalqının yaddaşına ən şanlı və tarixi qalibiyyət günü kimi daxil olmuşdur. O, qeyd etmişdir ki, qurtuluş mübarizəsi həmişə güclü xarici , hərbi-siyasi maneələrlə qarşılaşmışdır. SSRİ-nin dağıldığı və milli dövlətlərin meydana gəldiyi dövrdə Azərbaycanın istiqlal mücadiləsi yenə uçurum qarşısında qaldı. Bu dövrdə xalqın tələbi ilə hakimiyyətə qaytarılan dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqını və dövlətini fəlakət burulğanından xilas etdi. Ümummilli Liderin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü xalqımız Milli qurtuluşunun başlandığı gün kimi qeyd edir.
Sonra studiyanın rəhbəri Aygün İbrahimova çıxış edərək vurğuladı ki, Heydər Əliyev Azərbaycan xalqının tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş şəxsiyyətdir. Nümayiş etdirilən əsərlərdə istedadlı uşaqlar bu tarixi şəxsiyyətə öz ehtiramlarını ifadə etməyə və ictimai prosesləri öz duyğuları ilə yaratmağa çalışmışlar.