FÖVQƏLADƏ HALLAR NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 31-də Lənkəranda vətəndaşları qəbul edib.
Nazirliyin Cənub Regional Mərkəzinin binasında gün ərzində aparılan qəbul zamanı Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar müxtəlif məsələlərlə bağlı nazirə müraciət ediblər. Qurumun müvafiq strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda nazirə ünvanlanmış müraciətlərdə işə qəbul, qəzalı evlərinin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi elə yerindəcə həllini tapıb.
Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə də bağlı Kəmaləddin Heydərova müraciət ediblər. Bütün müraciətlərə həssaslıqla yanaşan nazir rəhbərlik etdiyi qurumun səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar təşkilatlara çatdırılmasından ötrü onların nəzarətə götürülməsi barədə sərəncam verib.