Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ HİRKAN QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

30 may 2013 | 15:00

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 29-da Hirkan qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Hirkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Xəlilov ərazidə əhalinin məşğuliyyəti barədə məlumat verərək bildirdi ki,  Hirkan inzibati ərazi dairəsinə Hirkan qəsəbəsi və Parakənd kəndi daxildir. Ümumi ərazisi  828 hektar, təsərrüfatların sayı 725, əhalinin sayı 3 min 167 nəfərdir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq və maldarlıqdır.Ərazidə 2 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi (şəxsi evdə yerləşir), 1 mədəniyyət evi, 1 kənd klubu, 1 kitabxana, 512 nömrə tutumlu elektron tipli ATS, 1 poçt şöbəsi və 29 xidmət obyekti fəaliyyət göstərir.
Hirkan bələdiyyəsinin sədri Ələmşah Məmmədov inzibati ərazi dairəsində aparılan abadlıq-quruculuq işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini söylədi.
Sonra Hirkan qəsəbə sakinlərindən Fəyaz Malıyev, Mərziyyə Əliyeva, Hacı Ayaz, Hirkan tam orta məktəbinin direktoru Adil Kərimov və Parakənd kənd sakini Möhübbət Quliyev çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə, eyni zamanda Hirkan qəsəbəsinə təbii qazın verilməsi və qəsəbə tam orta məktəbi üçün yeni binanın tikilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova əhali adından minnətdarlıqlarını bildirdilər, qarşıdan gələn növbəti Prezident seçkilərində yekdilliklə möhtərəm İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə söz verdilər.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.
Səyyar qəbulu yekunlaşdıran İcra başçısı Taleh Qaraşov ölkəmizin çox sürətlə inkişaf etdiyini söyləyərək vurğuladı ki, hazırda paytaxtımıza, o cümlədən regionlarımıza qədəm basan xarici ölkə vətəndaşları da bu inkişafın canlı şahidi olurlar. Azərbaycanın inkişaf modelinin hazırda dünya dövlətlərinin maraq dairəsində olduğunu diqqətə çatdıran Taleh Qaraşov bu sosial-iqtisadi inkişaf strategiyasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyini bildirdi. Bu uğurların növbəti beşillik üçün qəbul ediləcək üçüncü Dövlət Proqramında yeni müstəvidə davam etdiriləcəyini  söyləyən İcra başçısı əlavə etdi ki, vaxtilə bizə xəyal kimi görünən problemlər artıq gerçəkliyə çevrilmişdir.
İcra başçısı bu il keçiriləcək prezident seçkilərində qarşıda mühüm vəzifələrin durduğunu bildirərək əlavə etdi ki, beynəlxalq təşkilatlar, dünya birliyi artıq möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, onu alternativi olmayan lider kimi qəbul edirlər.
Taleh Qaraşov həmçinin seçkilərdə hamını fəal olmağa, səsvermə hüququ olan seçicilərin hamılıqla seçki məntəqələrinə gəlib öz ürəyinin hökmü ilə siyasi fəallıq nümayiş etdirərək ən layiqli namizədə - Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə səs verməyə çağırdı.
İcra başçısı çıxışının sonunda Lənkəranın sosial-iqtisadi inkişafının bundan sonra da dinamik davam edəcəyini, qazanılmış uğurların sayının daha da artacağını, bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin nəzarətə götürüləcəyini və icrasının mərhələ-mərhələ həyata keçiriləcəyini əminliklə söylədi.

Keçidlər