OMBUDSMAN ELMİRA SÜLEYMANOVA LƏNKƏRANDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİB
Mayın 28-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət etdilər və abidənin önünə gül dəstələri qoydular.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, ictimai təşkilatların nümayəndələrinin, rayon sakinlərinin iştirak etdiyi tədbiri İcra başçısı Taleh Qaraşov açaraq son illər ölkədə gedən sosial-iqtisadi yüksəlişin fonunda ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində əldə edilən uğurlardan danışıb.
Taleh Qaraşov Lənkəran rayonunda da bu istiqamətdə görülən işlərə toxunub, sakinlərin ərizə və şikayətlərinin diqqətlə araşdırılması, həmçinin yerlərdə vətəndaşların arzu və təkliflərinin öyrənilməsi və qaldırılan məsələlərin həllində irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.
Toplantıda çıxış edən edən Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.
Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halının daha da yaxşılaşdığını, son 10 ildə ölkə büdcəsinin 15 dəfə artdığını, 1milyon 100 minə yaxın yeni iş yerinin yaradıldığını vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin 90 illiyinin qeyd edildiyi müstəqil Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirildiyini, insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği məsələsinin mühüm yer tutduğunu bildirib.
Ombudsman E.Süleymanova 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Lənkəran rayon prokuroru Natiq Abdullayev, Şəhər-Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov, Rayon Məhkəməsinin sədri Elçin Kazımov çıxış edərək insan hüquqlarının qorunması, prokuror nəzarəti, məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində Qanun və normativ hüquqi aktlara əməl olunmasının vəziyyəti və digər məsələr barədə məlumata veriblər.
Müzakirələrdə, həmçinin, vətəndaş cəmiyyəti və icmaların fəallığının təmin olunması, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyi, erkən nikahların yolverilməzliyi və bu problemə qarşı ictimai qınağın vacibliyi diqqətə çatdırılıb.
İctimai dinləmələrdən sonra Ombudsman Elmira Süleymanova Lənkəran ŞRPŞ-nin istintaq təcridxanasına baxış keçirib.