LƏNKƏRANDA İCRA BAŞÇISININ VİYƏN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 22-də Viyən kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Viyən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahsuvar Abdullayev ərazidə əhalinin məşğuliyyəti barədə məlumat verdi, kəndin sosial-iqtisadi sahəsində görülmüş işlər barədə danışdı, bir sıra həlli vacib məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Viyən bələdiyyəsinin sədri Seyfulla Seyfullayev kənddə aparılan abadlıq, səliqə-səhman işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini söylədi.
Sonra kənd sakinlərindən təqaüdçü müəllim Əbdül Cəfərov, təqaüdçü səhiyyə işçisi İsmayıl Həsənov, Baratəli Mirzəyev, Aydın Heydərov, Qüdrət Cəfərov, Sahib Kazımov və başqaları çıxış edərək kənddə olan bəzi problemləri – elektrik ötürücü xətlərin istismar müddətinin başa çatması üzündən kəndə elektrik enerjisinin verilməsində uzun fasilələrin yaranmasını, kənd orta məktəbinin binasının yararsız vəziyyətdə olmasını, kəndara yollarının sıradan çıxması səbəbindən nəqliyyat vasitələrindən istifadə edərkən qarşılaşdıqları problemləri İcra başçısının diqqətinə çatdırdılar. Çıxışçılar həmçinin respublikamızda, o cümlədən Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışdılar, Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinin təntənəsi ilə yaşadıqlarını xüsusi vurğuladılar, qarşıdan gələn növbəti prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə bildirdilər, bır sıra təkliflər irəli sürdülər.
Daha sonra bir qrup kənd sakini şəxsi xahişlə İcra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dedi ki, ötən ilin oktyabr ayında bu ərazidə əhali ilə keçirilən görüşdən sonra ötən müddət ərzində ərazidə xeyli iş görülmüş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilmiş uğurlardan danışarkən qeyd etdi ki, xalqla dövlətin vəhdəti qazanılmış uğurların möhkəm bünövrəsini qoymuşdur. Bu və digər nailiyyətlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bəhrələridir. Ümummilli Liderimizin şah əsəri olan Azərbaycanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hər birimiz öz töhfəmizi verməliyik. Vətənini sevən hər bir vətəndaş dövlətini də sevməlidir.
Taleh Qaraşov həmçinin son 10 ildə dövlətimizin iqtisadi qüdrətinin artmasından söz açaraq dünyanın ən nüfuzlu beynəlxalq qurumları tərəfindən Azərbaycanda gedən sürətli inkişafın dəstəkləndiyini, respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunduğunu söylədi, Azərbaycanda güclü dövlətin formalaşdığını, ölkəmizin tolerant dövlət olduğunu, Azərbaycanın hamımızın ümumi və bölünməz evi olduğunu xüsusi vurğuladı.
İcra başçısı sonda lənkəranlıların həmişə olduğu kimi dövlət başçımızın ətrafında daha da sıx birləşəcəyini, qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev kursunun davamına səs verəcəklərini əminliklə ifadə etdi.