LƏNKƏRANDA “ÇAY BAYRAMI” KEÇİRİLDİ
Mayın 22-də rayonumuzun Vilvan kəndində əsl bayram əhval-ruhiyyəsi var idi. Həmin gün kəndin ağsaqqalı, “Vilvan” kəndli-fermer çayçılıq təsərrüfatının başçısı İlyas Əliyevin rəhbərlik etdiyi təsərrüfatda məhsul yığımının başlanması münasibətilə “Çay bayramı” keçirildi.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri çay plantasiyasının giriş hissəsində rayonumuzun emal müəssisələrinin istehsal etdikləri yaşıl çay nümunələri ilə tanış oldular, pürrəngi, ətirli Lənkəran çayını daddılar.
Sonra Lənkəranın incəsənət ustaları qonaqları şən, oynaq musiqi təranələri ilə qarşıladılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirdi ki, hazırda respublikamızın hər yeri kimi, Lənkəran rayonunda da Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinin təntənəsi yaşanır. Bugünkü “Çay bayramı” da əlamətdar yubileyə təsadüf edir. Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən etibarən regionların inkişafına xüsusi diqqət yetirirdi. Həmin illərdə Lənkəran rayonu da Ümummilli Liderin qayğısı sayəsində sürətlə inkişaf etməyə başladı, “Yaşıl çay Azərbaycanın sərvətidir” söyləyən Ulu Öndər respublikamızda, o cümlədən Lənkəranda çayçılığın inkişafına yüksək önəm verirdi. 70-80-ci illərdə rayonumuzda yaşıl çay yarpağı istehsalı 16 min tona çatdırılmışdı. Şəhərin sənaye müəssisələrində “Azərbaycan buketi” və “Ekstra” çayları SSRİ-nin hüdudlarından kənarda da şöhrət qazanmışdı.
“Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması yerlərdə iqtisadi əlaqələrin də pozulmasına səbəb oldu” – deyən İcra başçısı vurğuladı ki, 1993-cü ildə Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sahədə də uğurlu islahatlar həyata keçirildi, çayçılığın inkişafı üçün yeni stimul yarandı, sahibkarlığa geniş dəstək verildi. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirir. Möhtərəm dövlət başçımızın Sərəncamı ilə ölkədə çayçılığın inkişafına dair xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Lənkəran rayonunda da bu sahənin dirçəldilməsinə mühüm önəm verilir. Professor Fərman Quliyev, təcrübəli təsərrüfatçılar İlyas Əliyev, Araz Yaqubov, Vəli İsmayılov kimi sahibkarlarımız tərəfindən Lənkəranda çayçılıq inkişaf etdirilir, yeni iş yerləri yaradılır.
Taleh Qaraşov çıxışında həmçinin, Araz Yaqubovun təsisçiliyi ilə nəşr olunan “Yaşıl çay” jurnalının bu sahədə məqsədyönlü fəaliyyətini qeyd etdi, jurnalın redaksiya heyətinə faydalı məsləhət və tövsiyələrini verdi.
“Lənkəranın bu gün özünün təbii sərvətləri ilə öyünməyə haqqı var” fikrini xüsusi vurğulayan İcra başçısı çıxışının sonunda keçmişdə rayonumuzda Məhsul bayramının keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı və bu ildən etibarən həmin ənənəni bərpa etdirməyi təklif etdi, ilin sonunda Məhsul bayramının keçirilməsinin vacibliyini söylədi.
Taleh Qaraşov çıxışının sonunda çaybecərənlərə işlərində uğurlar arzuladı, “Əlləriniz var olsun, heç vaxt yorulmasın!” söylədi, bu il keçiriləcək prezident seçkilərində hamını demokratik və şəffaf seçim edərək Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırdı.
Lənkəran Çay filialının direktoru Fərman Abdullayev çıxışında çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi sahəsində aparılan elmi-tədqiqat işlərindən danışdı, çayçılığın tədqiqi sahəsində yazdığı kitabları İcra başçısına təqdim etdi.
“Vilvan” kəndli-fermer təsərrüfatının başçısı İlyas Əliyev çıxışında bildirdi ki, son 3 il ərzində Lənkəran və Astara rayonlarında 500 hektardan çox yeni çay plantasiyaları salınmışdır. Mən 50 ildən artıqdır ki, çayçılıqla məşğul oluram. 2005-ci ildən bu sahənin inkişafına, çay plantasiyalarının bərpasına başlamışam. Təsərrüfatımızda 100 nəfər işçi çalışır. Onların 20-25 nəfəri daimi işlə təmin olunmuşdur.
İlyas Əliyev həmçinin ölkəmizdə, o cümlədən Lənkəranda çayçılığın inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs etdi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, o cümlədən onların gündəlik qayğıları ilə mütəmadi məşğul olan, hərtərəfli köməyini əsirgəməyən Lənkəran ŞİH-nin başçısı hörmətli Taleh Qaraşova çaybecərənlər adından dərin təşəkkürünü bildirdi.
Lənkəran rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Musarza Əzimov bugünkü tədbirin keçirilməsinə görə İcra başçısına minnətdarlıq etdi, keçmiş ənənələrin bərpa edilməsinin vacibliyini diqqətə çatdırdı.
“Çay bayramı”nda Lənkəranın istedadlı incəsənət ustalarından Nəzakət Veysəlovanın, “Nənələr” folklor kollektivinin, Hüseynağa Məhərrəmoğlunun, Əli Hüseynovun, Qoşqar Məmmədlinin ifa etdikləri musiqi təranələri bayrama xüsusi rövnəq gətirdi.