Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “MİLLİ QURTULUŞ – 20 : REGİONLARIN SOSİAL-İQTİSADİ YÜKSƏLİŞİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

16 may 2013 | 15:00

Mayın 15-də “Azərbaycan” qəzetinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi dəyirmi masa bu mövzuya həsr olunmuşdu.
Əvvəlcə dəyirmi masanın iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin əzəmətli abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Heydər Əliyev  Mərkəzində keçirilən dəyirmi masanı “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov giriş sözü ilə açaraq bildirdi ki, 2013-cü il tarixi yubileylərlə zəngin bir ildir. Bir neçə gün bundan əvvəl Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi respublikamızın hər yerində təntənə ilə qeyd edildi. “Azərbaycan” qəzetinin növbəti layihələrindən biri olan Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş dəyirmi masaya Lənkəran rayonunda start verildi. 20 il bundan əvvəl Azərbaycanda nələr baş verirdi? İnsanlar hər addımda xaos, hərc-mərclik, anarxiya və özbaşınalıqla qarşılaşırdılar. Dövlət müstəqilliyini yenicə qazanmış respublika çox ağır vəziyyətdə idi.Ölkədə fövqəladə vəziyyət hökm sürürdü. Tətillər, mitinqlər baş alıb gedirdi. Çiyni avtomatlılar, saqqallılar əhalini qorxu içərisində saxlayırdılar. Azərbaycan keçmişdə olduğu kimi, xanlıqlara, ayrı-ayrı qruplara bölünmək təhlükəsi ilə üz-üzə qalmışdı. İqtisadiyyat pozulmuş, demək olar ki, dağıdılmışdı. Azərbaycan blokadaya salınmışdı. Məhz belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkə tədricən dirçəlməyə başladı, ictimai-siyasi vəziyyət yaxşılığa doğru dəyişdi. Ötən 20 il ərzində əsrlərə bərabər işlər görüldü, ölkəmiz inkişaf etdi, beynəlxalq aləmdə tanınmağa başlandı, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun “Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Lənkəran mühüm yer tutur” mövzusunda məruzəsi dinlənildi. Natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin dirçəlişi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür. Milli Qurtuluşa qədərki dövrədək – ötən əsrin 70-80-ci illərində Lənkəranın iqtisadiyyatı böhrandan qurtuldu, rayonumuz iqtisadi və mədəni mərkəzə çevrildi. Kənd təsərrüfatı inkişaf etdi, Lənkəran “Ümumittifaq bostanı” kimi tanındı. Müstəqillik dövründə Ümummilli Liderin Lənkərana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində yeni tipli iqtisadiyyat Lənkəranın həyatında əsas amil oldu. İqtisadiyyatın inkişafına güclü dövlət dəstəyi, uğurla həyata keçirilən islahatlar öz bəhrəsini verməyə başladı. Aqrar sahənin dayanıqlı inkişafı təmin edildi.
İcra başçısı daha sonra 1993-cü ilin avqust hadisələrindən, Ümummilli Liderimizin lənkəranlılara etdiyi müraciətdən sonra hamının yumruq kimi birləşərək Ə.Hümmətovun quldur dəstələrini darmadağın edərək ərazi bütövlüyümüzün və dövlətçiliyimizin qorunmasından, 15 – iyun 1993-cü ilin Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmasından, əsrlər, qərinələr keçsə də  Azərbaycan xalqının bu tarixi günü heç vaxt unutmayacağından, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasından, hüquqi dövlət quruculuğuna başlanılmasından, Lənkəranda tənəzzüldən inkişafa doğru mühüm islahatların həyata keçirilməsindən, 1998-ci il oktyabrın 5-də Ulu Öndərin Lənkərana tarixi səfərindən, 1993-2003-cü illərdə Ulu Öndərin Lənkərana göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursu yeni müstəvidə inkişaf etdirməsindən, dövlət başçımızın Lənkərana ötən ilki tarixi səfərindən, Lənkəranın sosial-iqtisadi inkişafının daha sürətləndirilməsi haqqında imzalanmış Prezidentin 4 Sərəncamının uğurla həyata keçirilməsindən, rayonda qazlaşdırmanın sürətlə aparılmasından, su-kanalizasiya sisteminin yenilənməsindən, yeni infrastruktur layihələrin icrasından və s. məsələlərdən ətraflı bəhs etdi.
Taleh Qaraşov sonda bütün bu və digər uğurların bünövrəsinin 15 iyun 1993-cü ildə - Milli Qurtuluş Günündən sonra əsasının qoyulduğunu  söylədi, Azərbaycançılıq idealogiyasının, Heydər Əliyev ideyalarının Azərbaycanı xoşbəxt gələcəyə apardığını xüsusi vurğuladı.
Daha sonra məruzə ətrafında çıxışlar oldu. Alim-aqronom, “Vilvan” çayçılıq kəndli-fermer təsərrüfatının rəhbəri İlyas Əliyev “İqtisadi sahədə keçmiş ənənələr bərpa olunur və yeni tipli iqtisadiyyat Lənkəranın yüksəlişində əsas amilə çevrilir, aqrar sektor inkişafdadır”, YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurasının sədri, Osman Mirzəyev adına Uşaq evinin direktoru Ofelya Cəfərova “Sosial sahəyə diqqət, xüsusi kateqoriyalı insanlara sosial dəstək uğurlu bəhrələrini verir, abadlıq və quruculuq əsas fəaliyyət istiqamətidir”, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov “Milli Qurtuluş missiyasının əyani nəticəsi Lənkəranın dünəni ilə bu gününün müqayisəsində öz real təsdiqini tapır” və Lənkəran Dövlət Universiteti Tələbə-gənclər  təşkilatının sədri Uğur Qurbanzadə “Heydər Əliyev siyasi kursu Azərbaycanın dövlətçilik  qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır” mövzularında çıxış etdilər.
Dəyirmi masanın yekununda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 15 iyun 1993-cü il Milli Qurtuluş Gününün xalqımızın həyatında oynadığı mühüm rolu bir daha diqqətə çatdırdı, Ulu Öndərimizin Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında müstəsna xidmətlərini qeyd etdi, “Azərbaycan” qəzetinin kollektivinə bu xeyrixah missiyaya görə minnətdarlığını bildirdi.
Dəyirmi masanı yekunlaşdıran “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yüksək təşkilatçılığa  və tədbirdə iştirakına görə İcra başçısı Taleh Qaraşova və dəyirmi masa iştirakçılarına təşəkkür etdi.

Keçidlər