LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLDİ
Mayin 14-də Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Şura iclasında iki məsələ müzakirə edildi.
“İnzibati ərazi dairələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə Gərmətük və İstisu qəsəbə, Vilvan və Sütəmurdov kənd icra nümayəndələrinin hesabatı” mövzusunda Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev məruzə etdi.
Məruzə ətrafında müzakirələrdə Gərmətük qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Vadim Qasımovun arayışı dinlənildi, İstisu qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Rahim Abdullayevin, Vilvan kənd inzibati ərazi dairəsində nümayəndənin müavini İltifat Cavadovun və Sütəmurdov kənd inzibati ərazi dairəsinin nümayəndəsi Anar Hüseynovun arayışları nəzərə alındı.
“Lənkəran rayonunda inşası aparılan yaşayış və qeyri-yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməsi ilə əlaqədar Dövlət Şəhərsalma – memarlıq nəzarətinin həyata keçirilməsi vəziyyəti barədə” Aparatın Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Mahir Axundov məruzə etdi.
Lənkəran ŞİH-nin başçısı, Şuranın sədri Taleh Qaraşov hər iki məsələnin aktuallığını nəzərə çatdıraraq qeyd etdi ki, şəhərin, o cümlədən rayonun magistral yol boyu yerləşən ərazisinin abadlığı, təmizliyi və səliqə-səhmanı daim diqqətdə saxlanılmalı, bu məsələyə hamı ciddi nəzarət etməlidir. Artıq respublika, regional əhəmiyyətli tədbirlərin bir çoxu Lənkəranda keçirilir. Bu nöqteyi-nəzərdən hamı səfərbər olunmalı, ilk növbədə rayonumuzun nüfuzunun qorunmasına mühüm diqqət yetirilməlidir. Yaşıllıqlara nümunəvi xidmət göstərilməli, ağaclar, gül kolları suvarılmalı və qorunmalı, mal-qaradan mühafizə olunmalıdır.
Qanunsuz tikintilərin qarşısını dərhal almaq üçün ilk növbədə yerli ərazi nümayəndələri və bələdiyyələr ayıq-sayıq olmalıdırlar. Şəhərimizdə tikintisi başa çatandan sonra həmin obyektlərin ərazisi vaxtında təmizlənməli, abadlıq işləri aparılmalıdır.
Taleh Qaraşov həmçinin qarşıda duran mühüm vəzifələri müvafiq qurumların rəhbərlərinin diqqətinə çatdırdı, onlara konkret tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar layihəsi qəbul edildi.